Tarix : 2010 Oct 26
Kod 19322

Bakının məşhur ''8-ci kilometr'' bazarı yanıb

Sahibkarlara külli miqdarda maddi ziyan dəyib
Azerbaijan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, şəhərin "8-ci kilometr" bazarı kimi tanınan ticarət mərkəzi yanıb. Hadisə yerində olan müxbirimiz xəbər verir ki, yanğın dünən axşam saatlarında baş verib və az zaman ərzində böyük ərazini alova qərq edib.

Nizami rayon İcra Hakimiyyəti başçısının müavini İldrım Mehdiyev jurnalistlərə bildirdi ki, yanğın bazarın ticarət mərkəzi - 4 hissəsində baş verib. Onun sözlərinə görə, “8-ci kilometr” bazarı deyilən ərazidə 5 bazar var. O həmçinin qeyd edib ki, yanğın zamanı bazarın böyük ərazisi tamamilə sıradan çıxıb: “Ayrı-ayrı fiziki şəxslərə məxsus xeyli sayda piştaxtalar yanıb. Ziyan dəymiş sahibkarların da sayı çoxdur. İndi onların sayı dəqiqləşdirilir. Hazırda onlar yanımdadırlar. Get-gedə müraciət edənlərin sayı artır. Zərərçəkmişlər əsasən pal-paltar satışı ilə məşğul olduğundan, bütün malları yanıb”.

Hadisə ilə bağlı Nizami rayon İcra Hakimiyyəti başçısının müavini bunları da vurğulayıb ki, "bazarın süni şəkildə yandırıldığını ehtimal etmək olar, amma bu, təsadüfdən də baş verə bilər".

Qeyd edək ki, 8-ci kilometr bazarı kimi tanınan ticarət obyektində fəaliyyət göstərən sahibkarlar bazardakı yanğının qəsdən törədildiyini iddia edirlər.

Sahibkarların ANS telekanalına bildirdiyinə görə, hadisə baş verən zaman bütün dükanlar bağlı olub və burada təhlükəsizlik xidməti əməkdaşlarından savayı heç kim olmayıb. Bununla belə, alovu törədən səbəb və onun ilk olaraq hansı bölmədə meydana gəldiyi məlum deyil. Zərəçəkmişlər hadisənin qəsdən törədildiyini iddia ediblər.

Hadisənin baş verməsi barədə ilkin olaraq müxtəlif fikirlər səsləndirilsə də, zərərçəkmiş dükan sahibləri alovun yaranmasında ticarət mərkəzinin təhlükəsizlik xidməti əməkdaşlarının məsuliyyətsizliyini vurğulayaraq bildiriblər ki, burada hər hansı qısaqapanma və ya bu kimi digər hallardan söz gedə bilməz.

Ticarət mərkəzinin müdir müavini Teymur Əliyev isə açıqlamasında hadisə baş verən zaman ərazidə təhlükəsizlik xidmətindən başqa heç kimin olmaması barədə deyilənləri və hadisənin qəsdən törədildiyini təkzib edib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nazir müavini Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov baş vermiş yanğınla əlaqədar hadisə yerinə gələrək alovun söndürülməsi ilə tanış olublar. Nazir müavini Etibar Mirzəyevin ANS TV-yə verdiyi məlumata görə, yanğın 4 500 kvadratmetrə yaxın ərazini əhatə edib. Hadisə nəticəsində iki nəfər mülki şəxs və bir nəfər yanğınsöndürmə xidmətinin əməkdaşı tüstüdən yüngül zəhərlənib.

Yanğın nəticəsində sahibkarlara külli miqdarda maddi ziyan dəydiyi bildirilir.

 

“Aran” İA 

  • Yazılıb
  • da (də) 2010 Oct 26