Zərərçəkən sahibkarların Heydər Əliyev Fondu ilə Prezident Administrasiyası qarşısında keçirmək istədiyi aksiyanın qarşısı güc tətbiqi ilə alındı
Azərbaycan servisi/Aran agentliyi
Xəbər verildiyi kimi, oktyabrın 25-də saat 22:00 radələrində Bakının Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Ticarət mərkəzi-4" MMC, yəni ”8-ci kilometr bazarı" kimi tanıdığımız ticarət mərkəzində yanğın baş verməsi burada çalışan insanlara böyük maddi ziyan vurub. Bu səbəbdən bir neçə gündür sahibkarlar Nizami Rayon İcra Hakimiyyəti, Prezident Administrasiyası və Əmlak Məsələləri Dövlət Komitəsinin qarşısına toplaşaraq dəyən ziyanın ödənilməsini tələb edirlər.
Ancaq onlara konkret söz deyən yoxdur. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov zərərçəkənlərə bildirib ki, 2 ay müddətinə bazar bərpa ediləcək və 3 ay müddətində sahibkarlar icarə haqqından azad olunacaqlar. Ancaq o, kompensasiya ödənilməyəcəyini deyib.
Dünən yenidən bazara baş çəkdik. Bazara toplaşan sahibkarlar müdiriyyətin otağının qapısında dayanıb onlara dəyən ziyanın siyahısını aparırdılar. Ancaq zərərçəkənlər bunun heç bir faydasının olmayacağını deyirdilər.
“Ötən dəfə yanğın baş verəndə də bizi siyahıya aldılar. Heç bir xeyri olmadı. Bizi aldadırlar. Elə bu yeri də təmizləyib özlərinə götürəcəklər” - deyə söyləyən şikayətçi Səmayə xanım 15 min manat ziyana düşdüyünü, bankdan pul götürdüyünü dedi.
Digər zərərçəkən Namiq bəy də siyahının boş yerə aparıldığını söylədi: “Bu bazarda iki qoçun başı bir qazanda toqquşub. Ona görə də buranı yandırdılar ki, yerində hansısa mülk tiksinlər. Bizə nə yer verəcəklər, nə də pul”.
Ətrafda texnika da az işləyirdi. Yalnız bir kran, 3 zibilyığan maşın var idi. Onların ləng işləməsi zərərçəkənlərin narazılığına səbəb olmuşdu. Özünü müstəntiq kimi təqdim edən şəxs bildirdi ki, hazırda baş verən hadisə ilə bağlı istintaq aparılır: “Araşdırma aparılıb məlumat veriləcək”.
Bazarda ət və süd məhsullarına nəzarət edən 21 saylı laboratoriyanın bir hissəsi də yanıb. Laboratoriyanın həkimləri deyir ki, onlara heç bir kömək edilməyib: “Otaqların əksəriyyəti yanıb. İçəridə olan nə varsa, külə dönüb. Səhərdən özümüz burada çalışırıq. Kimdir bizə baxan?!”
Bazarda yanmış mallarını daşıyan xırda sahibkarlar od püskürürdü: “Heç olmasa yanmayan yerlərini kəsib özümüz istifadə edərik. Onsuz da pul verən deyillər. Hara gediriksə, bizi qəbul edən yoxdur. Bu bazara hərtərəfli od vurdular. Bazar yanmayıb, yandırılıb. Yuxarılar yaxşı bilir bu işi kim edib. Niyə indiyə kimi bazarda kameralar quraşdırılmayıb?! Əmlak Komitəsinin nəzdində olan bazar nəzarətsiz qalıb...”
Bazar müdirinin Saməddin adlı müavini də olay yerində idi. O, bizimlə söhbətində qeyd etdi ki, bazar tikilib sahibkarlara qaytarılacaq: “Bazar çox qısa müddətə düzəldiləcək. Ancaq kompensasiyadan söhbət gedə bilməz. Çünki bazarı biz yandırmamışıq ki, biz də pul verək. Əgər yandırılıbsa, həmin şəxslər cəzasını çəkəcək”.
O, zərərçəkənləri suçladı: “Müdiriyyət dəfələrlə onlara deyib ki, sığorta müqaviləsi bağlayın, özünüzə sənəd düzəldin. Amma xeyri yoxdur”.
Bazarda cərimələrə və yer haqqına gəlincə isə müavin bildirdi ki, bu onların öz işidir: “Özümüz bilərik, cərimə edərik ya da yer haqqını çox alarıq. İstəmirlərsə, işləməsinlər”.
Zərərçəkən Sevda xanım deyir ki, onlara yer deyil, kompensasiya lazımdır: “İstəyirlər Avropa stilində tiksinlər, buranı lap saraya, ”dvores"ə çevirsinlər. Biz istəmirik. Biz dəyən ziyanın ödənilməsini tələb edirik".
Daha sonra olaydan zərər çəkən xırda sahibkarlar Heydər Əliyev Fondunun qarşısına toplaşdılar. Onlar qapıdakı mühafizəçilərə fondun prezidenti, millət vəkili Mehriban Əliyevanın qəbuluna düşmək üçün gəldiklərini bildirdilər. Ancaq polislər zərərçəkənlərə “Gedin, bir aydan sonra gələrsiniz” - deyib Prezident Administrasiyasına getməyi məsləhət bildilər. Polislər sahibkarların etirazını görüb onları qovmağa başladılar.
Zərərçəkənlər daha sonra Prezident Administrasiyasına yollandılar. Burada da polislərlə onlar arasında qarşıdurma yarandı. Nəhayət, zərərçəkənlərdən 7 nəfəri Prezident Administrasiyasının qəbul şöbəsinə buraxıldı. Onlardan yazılı formada müraciət forması tələb edildi. Zərərçəkənlər imza toplayıb prezidentə müraciət göndərdilər. Zərərçəkənlərin verdiyi məlumata görə, bu gün yenidən müvafiq qurumlara gedəcəklər.
Onu da deyək ki, əhali arasında gəzən söz-söhbətlərdən məlum olur ki, bazar və ticarət mərkəzlərində baş verən yanğınlar qəsdən törədilir. İndiyə kimi “Binə” və “Sədərək” ticarət mərkəzləri Binədə yerləşən vaxtlar bir neçə dəfə yandırılmışdı. Həmin vaxt yanğının ticarət mərkəzinin müdiri Kəbirə Məmmədovanın adamları tərəfindən törədildiyi deyilirdi. Dərnəgül yolu ərazisində, Ziya Bünyadov prospektində yerləşən taxta bazarında da güclü yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəymişdi. Zərərçəkənlər bunun qəsdən törədildiyini deyirdi. “Vosmoy bazarı” (8-ci kilometr) isə bununla neçənci dəfədir yanır. Ötən dəfəki yanğınlarda sahibkarlara ciddi ziyan dəydi. Zərərçəkənlər bu dəfə baş verən güclü və müəmmalı yanğının da qəsdən baş verdiyini deyirlər. Bir sözlə, bazara sahiblənmək uğrunda məmurlar arasında mübarizə yenidən “alovlanıb”.