Tarix : 2010 Oct 30
Kod 19356

YANAN BAZARIN SAHİBKARLARINDAN BİRİNİN İNTİHAR XƏBƏRİ YAYILDI

Ticarətçilər Milli Məclis, Nazirlər Kabineti və Nizami Rayon İcra Hakimiyyəti qarşısında kompensasiya tələb etdilər
Azerbaijan servisi/Aran agentliyi

“8-ci kilometr” bazarı kimi tanıdığımız ticarət mərkəzində baş verən yanğından zərər çəkən insanlar etiraz aksiyalarını davam etdirirlər. Dünən öncə Milli Məclis qarşısında toplaşaraq onlara dəymiş ziyanın ödənilməsini tələb ediblər. “Biz hansı quruma gedirik, oradan o birinə göndərirlər. Bu ölkədə süründürməçilik baş alıb gedir. Səsimizi eşidən yoxdur. Kompensasiya tələb edirik. Bazarın müdirinə verdiyimiz yerhaqlarının 4 ayını bizə versələr bəs edər”, deyə zərərçəkən Tamella Qurbanova bildirdi. Digər zərərçəkən Qabil Məmmədov deyir ki, bazarı yandırdıqları kimi pullarını da ödəməlidirlər.

“Bir ildə bazar rəhbərliyi 28 milyondan çox pul yığır. Bundan əlavə, bizdən zibil, işıq, mühafizə pulu yığıblar. Bazardan malları yığıb, sonra da od vurdular. 4 gündür küçələrə düşmüşük. Uşaqlarım evdə çörək gözləyir. Hara üz tutaq? Haqqımızı tapdalayırlar. Müvafiq qurumlardan tələb edirik ki, bizə dəyən ziyanın ödənilməsi üçün həmin rəhbərliyə təzyiq etsinlər, biz kompensasiya alaq”. Ticarətçilər Milli Məclis qarşısında yarım saat gözlədikdən sonra, onların bir neçəsini qəbul şöbəsinə buraxdılar. Zərərçəkənləri qəbul edən İbrahim adlı şəxs onlara bildirib ki, hazırda Milli Məclisdə deputat yoxdur: “Siz imza toplayın, müraciət göndərin. Bu işə biz deyil, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti baxır. Yaxşı olar ki, ora gedəsiniz”. Daha sonra zərərçəkənlər Nazirlər Kabinetinin qarşısına toplaşdılar. Burada onlar polislərin təzyiqi ilə üzləşdilər. Buna baxmayaraq, bir saat sonra onları qəbul edən oldu. Zərərçəkən qismində biz də qəbul otağına daxil olduq. Nazirlər Kabinetinin iqtisadiyyat şöbəsinin müdiri İlyas müəllim və onun müavini Hüseyn müəllim (hər iki məmurun soyadlarını öyrənə bilmədik - G.M.) zərərçəkənlərin şikayətini dinlədikdən sonra belə dedi: “Ola bilsin kompensasiya nəzərdə tutulsun, ancaq düşünürəm ki, sizin işə Əmlak Komitəsi baxmalıdır. Çünki heç bir sənədiniz də yoxdur. Nazirlər Kabineti Əmlak Komitəsinin daxili işinə qarışmır. Bizim səlahiyyətimiz yoxdur. Siz baş nazir Artur Rəsizadənin adına müraciət yazın. Biz ancaq məruzə edə bilərik”.
Buradan çıxdıqdan sonra zərərçəkənlər Nizami Rayon İcra Hakimiyyəti qarşısına toplaşdılar. Binanın qarşısında narazı sahibkarları görən icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyev onlara bildirdi ki, başqa qurumlara üz tutmasınlar: “Moskva birdən tikilməyib, səbir edin. Çığırmaqla iş düzələn deyil. Müvafiq qurumlar qarşısında məsələni qaldırmışıq. Məqsədimiz sizə kömək etməkdir. Bu iş bir dəqiqənin içində həll olunan deyil. Kompensasiya dövlət səviyyəsində verilsə belə, bu mərhələ-mərhələ baş tutacaq”.
İ.Mehdiyev hazırda bu bazarda gərgin iş getdiyini bildirdi: “İki ay müddətində bazar hissə-hissə tikiləcək. Satıcılar öz yerlərinə qayıdacaq”.
Dünən axşam saatlarında bazara baş çəkdik. Yalnız bir kran və 4 zibil maşını işləyirdi. Elə işin ləng getməsi sahibkarların da narazılığına səbəb olmuşdu.  “Evimdə 3 xəstə var. 2 ay mənim ağzımı göyə açıb baxmalıyam ki, pul düşəcək?! Banka 50 min manat pul borcluyam. 15 min manatlıq malım yanıb. Niyə səsimizi eşidən yoxdur?!”, söyləyən Əzizə xanım əlacsız qaldığını dedi. Orada olduğumuz müddətdə satıcılar sahibkarlardan birinin düşdüyün ağır duruma görə özünü zirzəmidə asdığını da söylədi. Ərazidəki polis əməkdaşları da bu barədə eşitdiklərini bildirdilər.
Qeyd edək ki, 8-ci kilometr bazarı Əmlak Məsələləri Dövlət Komitəsinin balansındadır. Bir neçə gündür sahibkarlar Nizami Rayon İcra Hakimiyyəti, Prezident Administrasiyası, Əmlak Məsələləri Dövlət Komitəsi və Heydər Əliyev Fondunun qarşısında toplaşaraq, dəyən ziyanın ödənilməsini tələb edirlər.

 

  

  • Yazılıb
  • da (də) 2010 Oct 30