Tarix : 2010 Oct 30
Kod 19357

ASTANA SAMMİTİ QARABAĞ DANIŞIQLARINDA SON ŞANS OLA BİLƏR

Dekabra qədər xarici işlər nazirlərini Madrid prinsipləri üzərində gərgin iş gözləyir, ekspertlər Həştərxan görüşü barədə müxtəlif fikirdədir
Azerbaijan servisi/Aran agentliyi

Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan prezidentləri arasında Həştərxanda Rusiya prezidentinin vasitəçiliyi ilə baş tutan görüşdə danışıqlar prosesi üçün sensasiya sayıla biləcək nəticə əldə edilib: tərəflər atəşkəsin möhkəmləndirilməsinin zəruriliyi, qarşılıqlı etimad tədbirlərinin görülməsi və cəsədlərin, hərbi əsirlərin qeyd-şərtsiz mübadiləsi barədə birgə bəyannaməyə imza atıblar.

Bundan əlavə, Rusiya prezidenti Dmitri Medvedyev bəyan edib ki, tərəflər ATƏT-in dekabrda Astanada keçiriləcək sammitinə qədər münaqişənin nizamlanmasının əsas prinsiplərini razılaşdırıb başa çatdırmaq barədə səylər göstərməyə razılıq veriblər. Əgər nəticə müsbət olsa Azərbaycan və Ermənistan prezidentləri ATƏT sammitinə hazır mətnlə gedəcəklər. D.Medvedyev bildirib ki, bu məqsədlə xarici işlər nazirlərinə intensiv işləmək tapşırığı verilib.
Danışıqlar prosesinin aylardır dayandığı və prosesin aşkar şəkildə dalana dirəndiyi bir vaxtda bu da mühüm nəticə hesab edilir. Uzun müddətdən bəri ilk dəfədir ki, hər iki tərəf danışıqların nəticəsi barədə müsbət fikirlər səsləndirirlər. Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan Həştərxan görüşünü şərh edərkən deyib ki, prezidentlərin danışıqları olduqca mühüm xarakter daşıyıb və müsbət istiqamətdə irəliləyişlər əldə olunub. Azərbaycan tərəfdən isə danışıqları Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov şərh edib. O deyib ki, Həştərxanda keçirilən görüşün müsbət nəticəsi olaraq iki ölkə başçıları müştərək bəyannamə imzalayıb və bu bəyanat hərbi əsirlərin və müharibə nəticəsində həlak olmuş hərbçi meyitlərinin qaytarılmasına bir aydınlıq gətirib. “Uzun müddətdir ki, bu məsələ Azərbaycan xalqını narahat edirdi, xüsusən də Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin qaytarılması ilə bağlı Azərbaycan dövləti neçə vaxtdır ki, beynəlxalq təşkilatlarla bərabər fəal iş aparır. Düşünürük ki, dünən imzalanan bəyannamədən sonra bu məsələ öz həllini tapacaq”, - deyə Əli Həsənov bildirib.
Həştərxan görüşünü izləyən “Kommersant” qəzeti isə yazır ki, prezidentlər təxminən iki saat yarım davam edən görüşdən sonra gəmi ilə Volqa çayında səyahətə çıxıblar və orada işgüzar nahar ediblər. Digər təfərrüatlar məlum deyil. Daha sonra Minsk Qrupu həmsədrləri Robert Bradtke (ABŞ), Yuri Popov (Rusiya) və Bernar Fasye (Fransa) prezidentləri ilə ayrı-ayrılıqda görüşüblər. Bu görüşlərin təxminən 20 dəqiqə davam etdiyi bildirilir. Prezidentlər həmsədrlərlə danışıqlar prosesinin indiki vəziyyətin və münaqişənin nizamlanması yollarına dair fikir mübadiləsi aparıblar. Danışıqlar prosesinə yaxın olan rusiyalı mənbə isə qəzetə deyib ki, görüş kifayət qədər gərgin keçsə də, prezidentlərin mövqelərində bu ilin yanvar ayında Soçidə keçirilən görüşdən bu yana heç bir dəyişiklik müşahidə olunmurdu. Xatırladaq ki, Soçi görüşündə Azərbaycan prezidenti yenilənmiş Madrid prinsiplərinə razılıq verdiyini bildirib, Ermənistan prezidenti isə bu təklifə dair mövqeyini açıqlamaq üçün iki həftə vaxt istəmişdi. Lakin bu vaxta qədər rəsmi İrəvan Madrid prinsiplərinin son variantına öz mövqeyini rəsmən bildirmir. Yenilənmiş Madrid prinsipləri ətraf rayonların “5+2" formulu ilə boşaldılmasını, qaçqınların geri qayıtmasını, təhlükəsizlik təminatını və Dağlıq Qarabağa aralıq statusun verilməsini nəzərdə tutur. Bölgənin yekun statusunun müəyyən edilməsi isə sonraya təxirə salınır.
Rusiya və Qərb ekspertləri Həştərxan görüşünü müxtəlif qiymətləndirir. Postsovet məkanında siyasi proseslərin araşdırılması Mərkəzinin direktoru Aleksey Vlasova görə, danışıqlar prosesində son il yarımda yaranmış vəziyyəti nəzərə alaraq hərbi əsirlərin və cəsədlərin mübadiləsinə dair sənədin imzalanmasını mühüm nəticə kimi qiymətləndirmək olar: “Bu sənəd müsbət rezonans doğura və danışıqlar prosesi ətrafında informasiya sahəsini dəyişdirə bilər. Mən başa düşürəm ki, çoxları danışıqlarda hansısa ciddi nəticə əldə edilmədiyini deyəcəklər, lakin imzalanan bəyanat heç olmasa tərəflərin bir-birinə doğru addım atmaq iqtidarında olduğunu göstərir”. Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Sergey Mixiyev isə fərqli düşünür və deyir ki, Dağlıq Qarabağ elə məsələdir ki, burada heç bir irəliləyiş yoxdur, olmayıb və gözlənilmir: “Prezidentlər görüşün yekununda hansısa sənəd imzalandığını göstərmək istəyiblər və bu səbəbdən cəsədlərin qaytarılmasına razılaşıblar. Regionda atəş davam edir və deməli, mübadilə etmək üçün yeni cəsədlər də olacaq. Bir il sonra daha bir belə razılaşmanın imzalanacağı da istisna deyil”. Ekspertə görə, Rusiyanın əsas vəzifəsi odur ki, vasitəçiliyi davam etdirsin və danışıqların kəsilməsinə imkan verməsin. Çünki danışıqlar kəsilsə müharibə olacaq: “Bundan əlavə, Moskva vasitəçilik rolundan çəkilsə, yerini regionda mövqelərini gücləndirmək istəyən digər siyasi oyunçular tutacaq”.
Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan görüşü qoşunların təmas xəttində toqquşmaların artdığı və rəsmi Bakının hərbi xərcləri ikiqat çoxaltdığı bir vaxta təsadüf edir. Beynəlxalq Böhran Qrupundan Sabina Freyzer bu həftə Brüsseldə ekspertlər qarşısında çıxış edərkən deyib ki, Dağlıq Qarabağ Avropanın potensial baxımdan ən təhlükəli münaqişə ocaqlarından biridir.
BBC-yə açıqlamasında Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan görüşü barədə şərh verən Freyzer deyib ki, prezidentlərin görüşməsi yaxşıdır: “Ümid etmək istərdik ki, onlar nəhayət, təməl prinsiplər barədə razılığa gələ biləcəklər. Lakin belə görünür ki, təməl prinsiplərin müzakirəsinə həsr olunan bu görüşlər 2005-ci ildən bəri davam edir və tərəflər kompromisə gələ bilmirlər. Məsələ olduqca çətindir. Heç bir lider nəhəng qurbanlar tələb edə biləcək addımlar atmaq, Azərbaycan və Ermənistan ictimaiyyətini inandırmaq istəmir ki, təməl prinsiplərə dair razılığa gəlmək hazırkı status-kvodan yaxşı olardı. Mən narahatam ki, biz hazırda danışıqların tamamilə kəsilə biləcəyi dalana dirənmişik. Biz bu prinsiplərə dair razılaşma əldə etmək imkanını əldən verə bilərik, halbuki bu prinsiplər kifayət qədər yaxşı prinsiplərdir. Bu barədə razılaşma əsil sülh gətirər və qoşunların işğal olunmuş ərazilərdən çıxarılması, qaçqınların öz yurdlarına qayıtması ilə proses inkişaf edər və Dağlıq Qarabağda yaşayan insanlar özlərini daha təhlükəsiz hiss edərdilər”.
Ekspertə görə, prezidentlərin son danışıqları münaqişə ətrafında vəziyyətin pisləşdiyi bir vaxtda baş tutub. Təmas xəttində toqquşmalar artıb, Azərbaycan hərbi büdcəsini 4 milyard dollara çatdırıb: “Belə bir şəraitdə biz prezidentlərin əhval-ruhiyyəsində tərəqqi üçün təcililik hiss eləmirik, biz bunu heç beynəlxalq birlikdən də hiss etmirik. Biz eşitmirik ki, ABŞ, Fransa, Avropa İttifaqı və ya Rusiya sinəsini qabağa verib desinlər ki, ”biz bu problemə indi həll tapmalıyıq, yoxsa bu, əsil odlu münaqişəyə çevriləcək". Əlbəttə, qeyd etmək lazımdır ki, ruslar son ilyarımda bir qədər fəal olublar. Belə görünür ki, prezident Medvedyev məsələyə fəal müdaxilə edir. Ümid edirik ki, o, iki tərəfin də mövqelərini yaxınlaşdıra biləcək. Lakin yenə də narahatam ki, reallıq danışıqlara üstün gəlsin".
Ermənistanda isə danışıqlar əsasən bu kontekstdən şərh olunur ki, prezidentlər münaqişənin dinc yolla və beynəlxalq hüquq prinsipləri əsasında həll edilməsinə dair bundan əvvəl imzalanmış Mayndroff bəyannaməsinə sadiq qalacaqlarını bildiriblər. Bu isə Ermənistana sərf edən məqamdır. Çünki Azərbaycan öz ərazilərini hərbi yolla qaytarmaq barədə xəbərdarlıqlarla çıxış edir. Beləliklə, qarşıdakı bir ay danışıqlar prosesinin gələcəyi üçün həlledici ola bilər. Gözlənilir ki, xarici işlər nazirləri baza prinsiplərini razılaşdırmaq üçün intensiv görüşlər keçirəcəklər. Rusiya üçün vacibdir ki, Ermənistan və Azərbaycan prezidentləri Astana sammitində heç olmasa indiyədək razılaşdırılmış sayılan prinsiplər altında imza atsınlar, yaxud hansısa “yol xəritəsi” ni qəbul etdiklərini bildirsinlər. Belə nəticə Avropada ABŞ-ın iştirakı olmadan yeni təhlükəsizlik sistemi ideyasını irəli sürən, onu həyata keçirmək üçün Fransa və Almaniyanı öz tərəfinə çəkməyə çalışan Rusiya üçün ona görə lazımdır ki, postsovet məkanında ən təhlükəli münaqişənin nizamlanmasına qadir olduğunu Qərbə göstərsin.  

  • Yazılıb
  • da (də) 2010 Oct 30