Tarix : 2010 Oct 30
Kod 19358

MÜXALİFƏT AVROPA MƏHKƏMƏSİNDƏN ƏDALƏTLİ QƏRAR GÖZLƏYİR

2003-cü ildəki qanunsuz həbslər və 2005-ci il seçki saxtakarlığı ilə bağlı iddialar icraata götürülüb
Azerbaijan servisi/Aran agentliyi

Xəbər verdiyimiz kimi, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycan vətəndaşlarının seçki hüquqlarının pozulması faktı üzrə bir neçə məsələ ilə bağlı qərar çıxarıb. Sonuncu belə qərar xalq artisti Flora Kərimovanın işi üzrə qəbul edilib. AİHM-in sentyabrın 30-da açıqladığı qərarda deyilir ki, seçki rəsmilərinin səbəbini izah etmədən nəticələri ləğv etmələri F.Kərimovanı parlamentə seçilmək hüququndan məhrum edib. Konvensiyanın 41-ci maddəsinə əsasən, məhkəmə qərara alıb ki, Azərbaycan hökuməti F.Kərimovaya 50 min avro maddi, 7500 avro mənəvi təzminat və məhkəmə xərclərinə görə əlavə 1600 avro (ümumilikdə 59100 avro) ödəməlidir.

Azərbaycanda seçkilərin saxtalaşdırılması və bu zaman siyasi fəallara qarşı zor tətbiqi, işgəncə faktları ilə bağlı məhkəmə iddiaları az deyil. Onlardan biri də 2003-cü il, 15-16 oktyabr hadisələri zamanı həbs olunan və daha sonra müxtəlif müddətlərə azadlıqdan məhrum edilən müxalifət liderlərinin işidir.
İddia müəlliflərindən biri, həmin vaxt həbs olunaraq azadlıqdan məhrum edilmiş Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bizimlə söhbətində bildirdi ki, 2005-ci ildə qaldırılan iddia müxtəlif səbəblərlə ləngidilir: “Həbsimizlə əlaqədar olan işlə bağlı kommunikasiyalar başa çatmışdı. Ancaq görünür, bu məsələnin uzadılmasında maraqlı olan qüvvələr var. Buna görə də yeni suallar göndərildi. Son olaraq bir neçə gün öncə biz növbəti suallara cavab göndərdik. Bu, sərbəst toplaşmaq azadlığının pozulması ilə bağlı konvensiyanın 11-ci maddəsi ilə əlaqədar olan suallara cavablar idi”.
A.Hacılının sözlərinə görə, iddiada konkret olaraq 15-16 oktyabr hadisələri, bu hadisələrin qanunsuzluğu, qanunsuz həbslər, insanlara işgəncə verilməsi hallarından şikayət olunub.
Qeyd edək ki, bundan başqa Müsavat Partiyası həm 2003-cü il prezident, həm də 2005-ci il parlament seçkiləri zamanı baş verən qanun pozuntuları ilə bağlı AİHM-ə müraciət edib. Müsavat başqanı İsa Qəmbər bizimlə söhbətində bildirdi ki, 2003-cü il prezident seçkilərinin saxtalaşdırılması ilə bağlı iddiaya məhkəmədən hər hansı cavab almayıblar: “Ölkə daxilində məhkəmə instansiyalarını keçəndən sonra 2004-cü ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdik. Ancaq bu günə qədər bizə həmin iddia ilə bağlı hər hansı cavab daxil olmayıb. Parlament seçkiləri 2005-ci ildə növbəti dəfə saxtalaşdırılandan sonra biz bu işlə bağlı Avropa Məhkəməsinə müraciət etmişik, artıq bu iş məhkəmənin icraatındadır. İnanıram ki, ədalətli qərar olacaq”.  

  • Yazılıb
  • da (də) 2010 Oct 30