Tibb mərkəzinin bağlanaraq yerinin bir oliqarxa verilməsi 400 nəfəri çörəksiz qoydu, səhiyyə işçiləri aksiyalara başladılar; ilk etiraz tədbirində onlar yolu kəsdilər
Azerbaijan servisi/Aran agentliyi
Dünən səhər saatlarında Bakı Şəhər Onkoloji Dispanserin işçiləri aksiya keçirərək Nəsibbəy Yusifbəyli küçəsində yolu bağlayıblar. Bu barədə redaksiyamıza dispanserin həkimləri məlumat verdi. Məlumatı alandan sonra dərhal hadisə yerinə getdik. Həkimlər bildirdilər ki, onların aksiya keçirməsinə səbəb səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə dispanserin bağlanmasıdır. Həkimlər yolu bir müddət bağlı saxlasalar da, əraziyə gələn polislər onları oradan uzaqlaşdırmağa cəhd göstərdilər və bir neçə dəqiqəlik qarşıdurmadan sonra buna nail oldular.
Ancaq tibb işçiləri aksiyaları davam etdirəcəklərini və bu prosesə ölkə boyu bütün həmkarlarını qoşacaqlarını bəyan etdilər. Hadisə yerində olanda onu da öyrəndik ki, aksiya iştirakçılarından bəziləri yolu bağlayarkən asfaltın üstünə uzanaraq maşınların hərəkətini dayandırıblar.
Dispanserin baş tibb bacısı Esmiralda Mehdiyeva dedi ki, onların yenidən işə çağıracaqları adı ilə aldadırlar: “Mənim 60 yaşım var. Bundan sonra haradan iş tapacam. Bu dispanser paytaxta bir dənədir. Buranı bağlamaq heç cür düzgün deyil. Ümumiyyətlə 5 il bundan qabaq bizə deyirdilər ki, bura satılıb. Birimiz inanır, digərimiz inanmırdıq. Əli İnsanov həbs olunanda demişdilər ki, səhiyyə idarələrinin satılması qadağan olunsun. Bir müddət belə də oldu. İndi isə deyirlər ki, ya burada göydələn tikiləcək, ya da analoqu olmayan tibb mərkəzi. Səfalət içində yaşayırıq. İnsanlar özəl xəstəxanalarda müalicə olunmaq üçün pul tapa bilmirlər. Bura kasıb insanların pənah gətirdiyi yer idi. İndi bizi aldadırlar ki, gedin evinizdə oturun iş olanda sizə xəbər edəcəyik. Bu nağıldı və biz bununla razılaşmırıq”.
Narazı həkimlər bildirirlər ki, aksiyalarını davam etdirəcəklər. Onlar Prezident Administrasiyasına və Milli Məclisə yürüş etməyi planlaşdırırlar. Onların sözlərinə görə, dispanserin yeri ölkənin məşhur oliqarxlarından birinə satılıb və tezliklə binanı sökərək onun yerində ya böyük ticarət obyekti, ya da çoxmərtəbəli binalar tikəcəklər: “Amma biz buna imkan verməyəcəyik. Bir günün içərisində 400 işçini çöldə qoymaq olmaz. Buranı satan və alan məmurlar bizim meyitimizin üstündən keçib burda söküntü və tikinti apara bilərlər”
Dispanserin baş həkimi Şahbaz Hənifəyev isə “Yeni Müsavat”a açıqlama vermək istəmədi: “Sizə açıqlama verə bilmərəm. Çünki Səhiyyə İdarəsindən mənə belə tapşırıblar. Bu mənlik deyil. Mən onlara tabeyəm. Onlar nə desə onu edirəm”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə APA-ya bildirib ki, müəssisə artıq fəaliyyətini tam dayandırıb. Onun sözlərinə görə, dispanserin işçiləri çox qısa müddət ərzində işlə təmin ediləcək, xəstələr isə digər müəssisələrə köçürüləcəklər: “Dispanserin həm həkim heyəti, həm də orta tibb işçilərinin hamısı nazirlik tərəfindən işlə təmin ediləcək. İşçilər Bakı şəhərindəki səhiyyə müəssisələrində öz ştatlarına uyğun işlə təmin olunacaqlar. Onların işlə təmini məsələsi ən qısa zamanda həll ediləcək. Bircə nəfər də işsiz qalmayacaq. Əmək haqqının ödənilməsində də onlar üçün heç bir problem yaranmayacaq”.
A.Qədirli ölkədəki digər onkoloji tipli müəssisələr üçün analoji tədbirin gözlənilmədiyini də söyləyib.
Qeyd edək ki, dispanserin bağlanmasına əsas kimi onun təkrarlanan müəssisə olması göstərilir.