Azerbaijan servisi/Aran agentliyi
İstanbulun Atatürk hava limanından qalxan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus təyyarə göyərtəsində tüstü göründüyündən təcili eniş etmək məcburiyyətində qalıb. ANS-in Türkiyənin “Doğan” agentliyinə istinadən verdiyi xəbərə görə, təyyarə yola düşdükdən 15 dəqiqə sona Atatürk hava limanına geri qayıtmalı olub.
Sərnişinlər təyyarənin dəyişdirilməsini tələb ediblər və AZAL nümayəndələri ilə onların arasında qalmaqal yaranıb. Türkiyə KİV-nin məlumatına görə, tüstü İstanbul-Bakı reysini həyata keçirən “Boeing-757” tipli təyyarənin mətbəxində yaranıb. Lakin 231 sərnişini olan təyyarədə vahimə yaranıb və İstanul hava limanı ilə əlaqə qurulub. Təcili eniş üçün icazə istəyən pilot təyyarəni geri qaytarıb. Hava limanında yanğınsöndürmə və təcili tibbi yardım briqadaları hazır vəziyyətdə saxlanılıb.
Bütün gecə mütəxəssislər təyyarəyə baxış keçiriblər. Onlar belə qənaətə gəliblər ki, təyyarənin yoluna davam etməsi üçün heç bir problem yoxdur. Lakin sərnişinlər eyni təyyarəyə minməkdən imtina ediblər. Bakı Dövlət Universitetinin tələbəsi Pərvanə Məmmədova jurnalistlərə deyib ki, təyyarənin göyərtəsində alov görməsələr də, sərnişinlər stress keçiriblər. Onun sözlərinə görə, qorxan sərnişinlər arasında ürəyi gedən də olub.
AZAL-ın mətbuat katibi isə Məhərrəm Səfərli isə ANS PRESS-ə faktı təsdiqləyib. Onun sözlərinə görə, Bakı vaxtı ilə saat 03.30-da havaya qalxan təyyarə texniki səbəblərdən geri qayıdıb. Məhərrəm Səfərli bildirib ki, səhər saatlarında təyyarə yenidən yola düşüb: “Burada təəccüblü heç nə yoxdur. Dünyanın bütün aviasiya şirkətlərində belə hallara rast gəlinir”.