Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, "İçərişəhər, Şirvanşahlar Sarayı” Mədəni-Tarixi Kompleksinin Məscidində “Nur xəzinəsi - 19” adlı Qurani-Kərim sərgisi keçiriləcək. Sərgi “Şəms” Qadın Birliyinin təşəbbüsü ilə təşkil olunur. Noyabrın 5-də açılışı olacaq sərgidə 300-ə qədər qədim tarixə malik Quran, təfsir və əlyazma nüsxələri nümayiş olunacaq. Birliyin sədri Hacı Şəfəq xanım sərgi ilə bağlı jurnalistlərə bildirib ki, nümayiş olunacaq ən qədim Quran kitabının 600 il yaşı var. Kitab Osmanlı çap üsulu ilə yazılıb. Kitabın üzü çürüsə də vərəqlərinə zədə dəyməyib. Alimlərin fikrincə, bu kağızın tərkibinə gümüş qatıldığı üçün vərəqlərinə xətər dəyməyib. Bundan başqa, yaşı 200, 250, 300 ilə çatan kitablar da var. Müharibə zamanı Şuşada Gövhərağa məscidindən götürdüyüm kitablar da buradadır. Burada Şeyx Hüseynə məxsus, həmçinin Naxçıvanda Kəngərlilər sülaləsinə məxsus müqəddəs kitab da nümayiş etdirilir. Buna “Qızılı Quran” deyirlər. Çünki yazıları qızılı su ilə yazılıb.
Sərgi bir aya yaxın davam edəcək.
“Aran” İA