Tarix : 2010 Nov 05
Kod 19458

Xəzərin təhlükəsizliyinə dair sənəd imzalanacaq

Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişin razılaşdırılması ilə bağlı iclasın yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
Beynalxalq servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişin razılaşdırılması ilə bağlı iclasın yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, toplantı çox məhsuldar keçib: “Biz tam razılıq əldə etməyə yaxınıq. Bu sənəd Xəzəryanı ölkələrin milli qanunvericiliyinə uyğunlaşdırılmalıdır. Ona görə də bu mövzuda məsləhətləşmələr aparılacaq. Saziş Xəzərdə təhlükəsizlik sahəsində çox mühüm sənəddir və bu sahədə əməkdaşlıq mexanizmlərinin hazırlanması ilə bağlı ilk sənəddir. Bu məsələdə Xəzəryanı ölkələr arasında ciddi fikir ayrılığı yoxdur”.

Saziş layihəsində terrorçuluq, mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin satışı, qeyri-qanuni miqrasiya, insan alveri, qaçaqmalçılıq, silah alveri, silahların hazırlanması üçün avadanlıq və texnologiyaların gətirilməsi ilə mübarizə və s. mövzular əksini tapıb.

Görüşdə İranı xarici işlər nazirinin müavini, prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə, Rusiyanı xarici işlər nazirinin müavini Serqey Ryabkov, Türkmənistanı xarici işlər nazirinin müavini Toylı Komekov, Qazaxıstanı Xarici İşlər Nazirliyinin departament rəhbəri xanım Zülfiyə Amanjolova təmsil ediblər.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Nov 05