Tarix : 2010 Nov 07
Kod 19484

HAQQ TAPDALANIR, CƏMİYYƏT İSƏ SUSUR

İlahə Səmədova: ''Apellyasiya Məhkəməsinin dindarlarla bağlı çıxarılan qərəzli və sifarişli hökmü qüvvədə saxlayacağı əvvəlcədən məlum idi''
Azərbaycan servisi/Aran agentliyi

Son vaxtlar ölkəmizdə dindarların hüquqlarının pozulması, polis zorakılığına məruz qalmaları, qondarma ittihamlarla həbs olunmalarıı intensivləşib.
Yasamal rayon məhkəməsi tərəfindən 5 nəfər dindar – Kərbəlayi Elmar Səmədov, Elçin Abbasov, Ağaəli Yəhyayev, Seynur Hüseynov və Bilal Əhmədov da məhz bu cür aqressiv münasibətin nəticəsi olaraq, dəmir barmaqlıqlar arasında məhkumluq həyatı yaşayırlar.


Qeyd edək ki, bu il fevralın 13-də bir qrup dindar Həzrət Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədar Hacı Sultanəli məscidində əzadarlıq keçirəndən sonra Xocalı faciəsinin ildönümü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis zorakılığına məruz qaldılar. Hadisə zamanı dinc yürüşçülərə ağır bədən xəsarəti yetirildi, bir çoxu saxlanılaraq polis bölmələrinə aparıldı. Bəzilərinə 10-15 sutka, bəzilərinə inzibati cəza verilsə də, adlarını qeyd etdiyimiz dindarlar barəsində isə həbs-qətimkan tədbri seçildi. Və 6 ay çəkən istintaq prosesindən sonra Yasamal rayon məhkəməsi gözlənilməz hökm çıxararaq, onlara 4-4,5 il çəza kəsdi. Artıq 9 aydır ki, qondarma ittiham və qərəzli hökmün qurbanları zindanda, onların ailə üzvləri isə necə deyərlər, azadlıqla əzab-əziyyətə düçar olublar.

“Günahsız insanlara 4-5 il cəza vermək vicdana sığmayan hərəkətdir”

 
Gunahı yalınz Şəhidlər Xiyabanını ziyarət etməkdən və buna görə düz 4 il yarım həbs cəzası alan Kərbəlayi Elmarın həyat yoldaşı İlahə Səmədova dindarlarla bağlı hökmün ədalətsiz olduğunu, bunun heç bir qanuna və vicdana sığmadığını söylədi: “Şəhidlərin məzarını ziyarət etmək istəyən insanların döyülüb, uzun müddətə həbs olunması Azərbaycan dövlətinin və xalqının təhqir edilməsi deməkdir. Peyğəmbərinə əza saxlayanlar, şəhidlərin məzarını ziyarət etmək istəyənlər cinayətkar kimi tutulur. Məhkəmənin ədalətsiz qərarına etirazımızı bildirib, dəfələrlə əlaqədar dövlət orqanlarına, Prezident administrasiyasına müraciət etmişik. Şəxsən mənə məsələyə baxılacağı ilə əlaqədar cavab məktubu göndərilsə də, müsbət nəticəsi olmadı”.

“Demokratiyadan yazan mətbuat dindarlara qarşı qərəzli münasibəti işıqlandırmadı”


İ.Səmədova deyir ki, dindarların həbsi son illər mömin kəsimə, məscidlərə qarşı tətbiq olunan təzyiqlərin davamıdır: “Heç bir günahı olmayan dindarlar barəsində ağır məhkəmə qərarının çıxarılmasını bu cür dəyərləndirmək olar. Amma təəssüf edirəm ki, mövcud məsələ ictimailəşdirilmədi, cəmiyyətə təqdim olunmadı. Demokratiyadan, vicdan azadlığından bəhs edən bəzi mətbuat orqanları, ictimai, dini təşkilatlar  möminlərin həbsini, onlara qarşı qərəzli münasibəti işıqlandırmadılar. Məncə, bu məsələ ictimailəşdirilsəydi, hər halda müsbət təsiri, yəni dindarlara 10-15 sutka, yaxud inzibati cəza verilə bilərdi”.

“Ümid sonda ölür, deyirlər”


Dindarların işi ilə bağlı artıq Apellyasiya Məhkəməsinin yekunlaşdığını xatırladan İlahə xanım əvvəlcədən bu instansiyadan ədalətli qərarın gözləmədiyini bildirdi: “Apellyasiya Məhkəməsində məhkəmə istintaqı aparılmadan, yəni yalnız vəkil və dövlət ittihamçısının çıxışlarını dinləməklə birinci instansiyanın çıxardığı hökmə baxış keçirilməsi qərara alındı. Vəkillər isə hakimin bu qərarına etiraz edərək, məhkəmədə yenidən istintaqın aparılması ilə bağlı vəsadət qaldırdılar. Ancaq hakim vəsadəti rədd etdi.
Bildiyiniz kimi, əvvəlki instansiyada – Yasamal rayon məhkəməsində vəkillərin çıxışları, eləcə də müdafiə tərəfin şahidlərinin ifadəsi protokolda qeydə alınmadığını, yalnız zərərçəkən tərəfin, onların şahidlərinin, dövlət ittihamçılarının ifadələri əsasında qərar çıxartdı. Apellyasiya Məhkəməsinin gedişatından hiss olunurdu ki, özündən əvvəlki instansiyanın ədalətsiz qərarını dəyişməyəcək. Amma hər halda ümid sonda ölür, deyirlər. Ümid edirik ki,  növbəti məhkəmə instansiyaları dindarlarla bağlı çıxarılan qərarı ən azı yüngülləşdirəcək”.

“Allahdan diləyirik, tezliklə ədalət bərpa olsun və dindarlar azadlığa qovuşsunlar, inşallah”


İndiki çətin sosial şəraitdə yoldaşının həbsi İlahə xanımın ailə qayğılarını da artırıb. Müəllimə kimi aldığı cüzi əməkhaqqı isə ailəsinin ehtiyaclarını ödəmir: “Bu gün nəinki Kərbəlayi Elmar, həbsdə olan digər dindarların hər biri ailə başçısıdır. O baxımdan dolanışığımızı təsəvvür etmək çox da çətin deyil. Həbsxanaya getmək xeyli vəsait tələb edir. Son bir neçə aydır, Kərbəlayinin səhhətində problemlər yaranıb. Ona görə də yoldaşımı mütəmadi olaraq ziyarət etməyə, lazımi qida, geyim, dərman preparatları ilə təmin etməyə çalışıram”.
İlahə xanımla söhbətdən məlum oldu ki, bir neçə gün əvvəl oğlunu hərbi xidmətə yola salıb: “Kərbəlayi Elmar oğlu ilə sonuncu məhkəmə prosesində görüşdü və bir ata kimi övladına “Vətəni sevmək imandandır, onun keşiyində ayıq-sayıq dur, adımıza, əxlaqına layiq şəkildə xidmət göstər” tövsiyəsini verdi. Əlbəttə, övladımın əsgəri xidmətə getməsi bir valideyn kimi bizi fərəhləndirsə də, digər tərəfdən narahat edir. Düzdür, oğlum hər hansı yerdə işləyib, evə çörəkpulu gətirməsə də, köməyim, dayağım idi. Kərbəlayinin həbsindən sonra evdəki bəzi işlər onun öhdəsində qalmışdı. İndi isə görünür, işlərim bir qədər də çətinləşəcək. Odur ki, Allahdan diləyirik, tezliklə haqq-ədalət bərpa olsun və dindarlar azadlığa, ailələrinə qovuşsunlar, inşallah”.

“Dindar kəsim əqidədaşlarının həbsinə laqeyd yanaşır”


“9 aydır beş günahsız dindar həbsxanada cəza çəkir. Hadisələrin gedişatı göstərir ki, hər bir dindar bu cür haqsızlığın, ədalətsizliyin qurbanı ola bilər. Amma buna baxmayaraq, Azərbaycanın mömin kəsimi əqidədaşlarının həbsinə laqeyd yanaşır, onları lazımi səviyyədə müdafiəsinə qalxıb, azadlıqlarını tələb etmirlər”, deyən İ.Səmədova narazılığını və təəssüfünü ifadə etdi: “Qurani-Kərimdə buyurulur ki, Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın. Möminlər bu müddət ərzində bizi dəstəkləyə, dini, ictimai təşkilatlar mütəmadi olaraq tədbirlər keçirib, təbliğatlar apara bilərdilər. Məsələyə bu cür yanaşma yəqin ki, dindarların işinə təsirsiz ötüşməzdi. Ancaq ehtiyac duyduğumuz, umduğumuz dəstəyi görmədiyimizdən çox məyusuq”.  

  • Yazılıb
  • da (də) 2010 Nov 07