Tarix : 2010 Nov 07
Kod 19485

ERMƏNİSTAN ORDUSUNDAKI ÖLÜMLƏRƏ KÜTLƏVİ ETİRAZLAR

İrəvanda hökumət binası qarşısında daha bir aksiya keçirilib
Ermənistan servisi/Aran agentliyi

Ermənistanda hərbi xidmət dövründə həlak olmuş əsgərlərin valideynləri dünən hökumətin binası qarşısına toplaşaraq övladlarının ölümünün səbəblərinin araşdırılmasını tələb ediblər. Ermənistanda siyasi məhbus hesab edilən Vardqes Qaspari də aksiyaya qoşulub. Hökumət binasının girişində yerə uzanan Qaspari «Orduda, polisdə, saxlama müəssisələrində xüsusilə siyasi məhbuslara zorakılığa və işgəncələrə son qoyulsun!» yazılmış plakat tutub. Yaxınlıqdan keçən İrəvan meri Qaqik Beqlaryan yerə uzanan adamın kim olduğunu soruşub. Onun yanındakı polis əməkdaşı isə söz verib ki, tezliklə həmin adam oradan uzaqlaşacaq. Sonra aksiya iştirakçıları merə yaxınlaşıb övladlarının ölümünün araşdırılmasını xahiş ediblər.

Elə bundan bir gün əvvəl də Ermənistan ordusunda daha bir əsgərin döyülərək xəstəxanaya düşməsi haqqında məlumat yayılıb. 18 yaşlı əsgər Erik Qriqroyan keçən həftənin sonunda İrəvandakı xəstəxanaya aparılıb. Onun burnu sındırılıb və başqa ağır bədən xəsarətləri alıb. Atasının “Azadliq” radiosunun erməni xidmətinə dediyinə görə, təzə əsgərliyə aparılan oğlunu İrəvan yaxınlığındakı hərbi hissə komandirinin müavini döyüb: «Deyilənə görə, oğlum səhər vaxtında oyanmayıb, ona görə döyülüb. Amma faktiki olaraq, uşağı əzik-əzik ediblər». Atası bildirir ki, zabit onun oğlunu başqa əsgərlərin gözləri qarşısında dörd saata qədər döyüb. Əsgər yoldaşları bunun qarşısını almağa qorxublar.
Müdafiə Nazirliyi bu işlə bağlı cinayət işi açıldığını bildirib. Amma əsgəri döyməkdə ittiham olunan zabit hələ saxlanmayıb. Rəsmilər həmin zabitin bu yay başqa bir əsgəri də döyməsinə görə yaxınlarda məhkəmə qarşısına çıxarılacağını bildirib. Bu ittihamla onu iki ildən beş ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Amma adı əsgər döyməkdə hallanan zabit hələlik həbs edilməyib. Müdafiə Nazirliyi bildirib ki, o, sonuncu döyülmə hadisəsinə görə də günahkar bilinsə, məhkəməyə qədər həbs ediləcək.
Bu ilin yayından başlayaraq Ermənistan ordusunda tez-tez əsgərlərin, zabitlərin özlərini asmaları, qətlə yetirilmələri, zabitlərin əsgərləri təhqir etmələri barədə məlumatların arası kəsilmir. Müdafiə Nazirliyi və ordu komandanlığı cəmiyyəti əmin etməyə çalışır ki, zorakılıqlara son qoyulması üçün bütün mümkün vasitələrdən istifadə olunur. İki gün əvvəl müdafiə naziri Seyran Ohanyan yaxınlarda müəmmalı şəkildə qətlə yetirilmiş iki əsgərin valideynləri ilə görüşündə bir daha vətəndaşları inandırmağa çalışıb ki, rəhbərlik bu cür halların qarşısını almaq üçün ciddi tədbirlər görür.  

  • Yazılıb
  • da (də) 2010 Nov 07