İsveçrə şirkətinin Bakıda məmurları ələ almaq üçün on milyonlarla dollar “haqq” verdiyi üzə çıxdı
Azərbaycan servisi/Aran agentliyi
Amerikanın Ədliyyə Nazirliyi bu ölkənin Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyası (SEC) ilə apardığı birgə araşdırma nəticəsində daha bir xarici şirkətin Azərbaycanda hökumət məmurlarına rüşvət verdiyini üzə çıxarıb. Bu beynəlxalq rüşvət qalmaqalı ilə bağlı dünən ABŞ-ın bir çox KİV-ləri, o cümlədən “Bloomberg” agentliyi, “The Wall Street Journal” qəzeti və digərləri geniş yazıblar. Xəbərlərə görə, cəmi 7 şirkət, o cümlədən “Şell” neft şirkəti işlədikləri ölkələrdə hökumət məmurlarına iri məbləğlərdə rüşvət verdiklərini etiraf ediblər. İşin məhkəməyə qədər gedib çıxmaması üçün onlar Amerika xəzinəsinə cəmi 236.5 milyon dollar ödəməyə razılaşıblar. Söhbət ABŞ ərazisində filialları olan, yaxud bu ölkədə qeydiyyatdan keçmiş şirkətlərdən gedir.
Onların hamısı neft sektoru ilə əlaqəlidir. Rüşvət qalmaqalı ilə bağlı araşdırma ABŞ-ın Xarici Korrupsiya Aktı əsasında aparılıb. Azərbaycanda rüşvət verən isə baş ofisi İsveçrənin Bazel şəhərində yerləşən “Panalpina World Transport Ltd” nəqliyyat şirkətidir. Bu şirkətin ABŞ-da filialı var. İşlədikləri ölkələrdə rüşvət verən digər şirkətlər isə Hyustonda yerləşən “Pride International Inc” şirkəti, “Noble Corp” İsveç firması, Kayman adalarında qeydiyyatdan keçmiş “Transocean Inc.” and “GlobalSantaFe Corp.” şirkətləridir.
“Panalpina World Transport Ltd” etiraf edib ki, cəmi yeddi ölkədə hökumət məmurlarını ələ almaq üçün rüşvət verib. Şirkət Amerika hökuməti ilə anlaşma əsasında 81.5 milyon dollar ödəməyə hazır olduğunu təsdiqləyib. “Shell” şirkəti isə xarici ölkələrdə rüşvət verdiyi üçün 48.1 milyon dollar ödəyəcək. “Panalpina” etiraf edir ki, Anqola, Azərbaycan, Braziliya, Qazaxıstan, Nigeriya, Rusiya və Türkmənistanda hökumət məmurlarına cəmi 49 milyon dollar rüşvət verib. Rüşvət verilməsi prosesi 2002-2007-ci illər ərzində həyata keçirilib. “Panalpina” bildirib ki, rüşvət verilməsi sayəsində onun müştəriləri gömrük prosedurlarından yayınıblar, bu zaman saxta sənədlər təqdim ediblər, o cümlədən dərman və partlayıcı maddələr də daxil olmaqla, bir sıra malları qaçaqmal yolu ilə həmin ölkələrə keçirə biliblər. Amerika müstəntiqlərinin apardığı istintaq materiallarında göstərilən və Panalpinanın etiraf etdiyi faktlar bunlardır: 2002-ci ildən 2007-ci ilə kimi “Panalpina”nın Azərbaycan bölməsi olan “Panalpina Azerbaijan” yerli rəsmilərə 900 min dollar rüşvət verib. Bu rüşvət gömrüyə baxan hökumət rəsmilərinə verilib. Həmin şəxslər Azərbaycana gətirilən malları qiymətləndirən, gömrük tarifləri qoyan və gömrük vergilərini, rüsumlarını yığan məsullar olub. Amerikanın Ədliyyə Nazirliyinin təqdim etdiyi istintaq sənədlərində deyilir ki, Azərbaycan rəsmilərinə rüşvət natamam və səliqəsiz sənədləşməyə göz yummağa görə verilirdi. Bundan başqa, istintaq sənədlərinə görə, “Panalpina” Azərbaycanın vergi rəsmilərinə də rüşvət verib. Burda verilən rüşvətin məqsədi şirkətə güzəştli vergilər almaq olub.
“2007-ci ildək ”Panalpina" daxilində korrupsiya ənənəsi İsveçrədəki ən yüksək rütbəli idarəçilərdən tutmuş digər pillələrə qədər mövcud olub. Şirkət rüşvət verməyi adi biznes hesab edib. “Panalpina”nın onlarla əməkdaşı xaric məmurlara rüşvət verilməsi sxemlərində yer alıblar" deyə, şirkətin Hyustondakı federal məhkəməyə təqdim etdiyi etiraf məktubunda bildirilir. Qalmaqal nəticəsində “Panalpina”nın səhmləri kəskin ucuzlaşıb. Bu şirkət neft-qaz sənayesində işləyən şirkətlərə qaza avadanlıqları və digər avadanlıqlar da daşıyıb. Məlumata görə, “Shell” şirkəti Nigeriyada hökumət məmurlarına 2 milyon dollar rüşvət verdiyini qəbul edib. Şirkət bildirib ki, Nigeriyada rüşvət bütün sahələrdə yayılıb və pulsuz heç bir hökumət məmuru ilə işləri yola vermək mümkün deyil.
Xatırladaq ki, xarici şirkətin Azərbaycanda biznesini həyata keçirmək üçün hökumət məmurlarına rüşvət verdiyi ilə bağlı qalmaqal birinci deyil. Bu yaxınlarda ABŞ-ın “Tidewater Inc” nəqliyyat və gəmiçilik şirkəti də Azərbaycanda vergi instansiyalarına rüşvət verərək gəlirlərini gizlətdiyinə görə məhkəmə təhlükəsi ilə üzləşmişdi. Şirkətin mərkəzi ofisi ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) yerləşir, enerji şirkətlərinə lazım olan böyük həcmli qurğuların daşınmasında və çatdırılmasında xidmətlər göstərir. Amerikanın hüquq-mühafizə orqanları aşkar ediblər ki, şirkət Azərbaycanda aldığı sifarişlərlə bağlı gəlirlərini az göstərib, bu zaman yerli vergi instansiyalarına milyonlarla dollar rüşvət verib və nəticədə həm ABŞ büdcəsinə köçürülməli olan vergiləri gizlədib, həm də Xarici Korrupsiya Aktını pozub. Xarici Korrupsiya Aktı Amerika şirkətlərinə və vətəndaşlarına biznes qurduqları xarici ölkələrdə yerli hakimiyyətlərə rüşvət verməyi qadağan edir və bunun üçün cinayət məsuliyyəti nəzərdə tutur. Həmçinin məlum olub ki, şirkət Nigeriyanın gömrük orqanlarına da rüşvət verib. Hüquq-mühafizə orqanları şirkətə qarşı cinayət işi qaldırmaq üçün materialları toplayarkən “Tidewater Inc” Azərbaycan və Nigeriyada rüşvət verdiyini etiraf edib və federal hakimiyyətlə anlaşma təklifi ilə çıxış edib. Aparılan danışıqlar nəticəsində razılaşdırılıb ki, şirkət ona qarşı cinayət işinin qaldırılmamasının əvəzində mülki cərimələr şəklində 11,4 milyon dollar, habelə gəlirlərinin gizlətdiyi hissəsini dövlətə ödəsin.
İsveçrə şirkətinə gəldikdə isə araşdırma zamanı “Panalpina”nın Bakıda ofisinin yerləşdiyi ünvanı müəyyən etdik. Şirkətlər barədə məlumat bazasında yerləşdirilmiş məlumatdan bəlli olurdu ki, “Panalpina”nın ofisi Atatürk prospekti-44 ünvanında yerləşir. Lakin şirkətin əlaqə nömrələrindən heç biri düzgün göstərilməmişdi və bu səbəbdən hökumət məmurlarına rüşvət verən şirkətlə əlaqə yaratmaq mümkün olmadı.