Azərbaycan servisi/Aran agentliyi
125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin Sumqayıtda yerləşən 31 saylı seçki məntəqəsində müşahidəçi ilə seçici arasında insident baş verib. APA-nın müxbirinin verdiyi məlumata görə, davaya komissiya üzvlərindən birinin seçiciyə kömək etmək istəməsi səbəb olub.
Nizam Ələkbərov adlı seçici bülleteni götürəndən sonra gözlərinin zəif gördüyünü bildirərək, komissiya üzvlərindən ona kömək etmələrini xahiş edib. Komissiya üzvlərindən biri seçicini səsvermə kabinəsinə apararaq ona kömək etmək istəyib. Seçkiləri bitərəf müşahidəçi qismində izləyən Zaur Əlişov isə buna etiraz edib. O, komissiya üzvünün prosesə müdaxiləsinin qanun pozuntusu olduğunu vurğulayıb. Müşahidəçinin etirazından narazı qalan seçici ona hücum çəkib. Tərəfləri məntəqə seçki komissiyasının sədri Ramiz Abbasov ayırıb.
Deputatlığa namizəd Nəsiman Yaqublunun nümayəndəsi Məhəbbət Muradov isə bu cür halların yolverilməz olduğunu vurğulayıb.