azərbaycanlı şəhid Mübariz İbrahimovun cənazəsi nəhayət ki, Azərbaycana qaytarılıb
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, azərbaycanlı şəhid Mübariz İbrahimovun cənazəsi nəhayət ki, Azərbaycana qaytarılıb.
Beynəlxalq Qızıl Xaç Komitəsindən ANS PRESS-ə verilən məlumatda bildirilir ki, son zamanlar öldürülmüş iki azərbaycanlı hərbi qulluqçunun və Dağlıq Qarabağ ərazisində yerləşən Madagis kəndindən olan bir nəfər mülki şəxsin cəsədləri bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin himayədarlığı altında repatriasiya olunub.
Əməliyyat, Ağdam rayonunun təmas xətti yaxınlığında yerləşən Baş Qərvənd kəndi istiqamətində baş tutub.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə ofisinin başçısı Elen Plenevo bildirib ki, “cəsədlərin qaytarılması kədərli hadisə olsa da, vəfat etmiş şəxslərin ailələri öz əzizlərini dəfn edib onlara yas tuta biləcəklər". "Biz Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar repatriasiya prosesinin son vaxtlar intensivləşməsinə sevinirik", - deyə o əlavə edib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisindən şənbə günü Trend-ə bildirilib ki, bu gün saat 16:00 radələrində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə meyitlər təhvil verib. Azərbaycan isə qarşı tərəfə Ermənistanın 81 yaşlı vətəndaşı Qavruş Arustamyanın meyitini təhvil verib.
Bu həftənin əvvəlində neytral vasitəçi qismində çıxış edən Beynəlxalq Qızıl Xaç Komitəsi, bütün aidiyyəti olan tərəflərin razılığına əsasən Ermənistanda saxlanılan bir nəfər mülki şəxsin və bu ilin oktyabr ayında Bakıda vəfat etmiş Ermənistan vətəndaşının cəsədini repatriasiya edib.
Cenevrə Konvensiyalarına əsasən fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç KomitəsiAzərbaycanda və Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən işləyir.
“Aran” İA