Tarix : 2010 Nov 10
Kod 19555

ƏT VƏ ƏT MƏHSULLARININ QİYMƏTİ BAHALAŞIB

Vüqar Bayramov: ''Bəzi dövlət qurumları qiymət artımlarının qarşısının alınması əvəzinə bahalaşmanı sürətləndirən, eləcə də şərtləndirən addımlar atırlar''
Azerbaijan servsi/Aran agentliyi

Seçkidən sonra  ciddi qiymət artımlarının baş verəcəyi  gündəmin əsas müzakirə mövzularından biri kimi qalmaqdadır. .Artıq oktyabr ayının alternativ inflyasiya hesablamaları ərzaq məhsullarının bahalaşdığını göstərir. Noyabr, dekabr aylarında artımların davam edəcəyi istisna olunmur. Xüsusilə nəzərə alsaq ki, qarşıdan bayramlar gəlir bahalaşma ölkə üçün xarakterik prosesə çevrilib.
Faktxeber.com-a açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov, noyabr ayının əvvəlindən bir sıra məhsulların qiymətində artımların müşahidə  edildiyini söyləyir. Xüsusilə ət və ət məhsullarının qiymətinin son 5 ildə rekord səviyyədə bahalaşdığını vurğulayan iqtisadçı satıcıların bunu yem və yem məhsullarının, eləcə də nəqliyyat xərclərinin artrması ilə əlaqələndirmələrinə müsbət yanaşmır: “Bütün hallarda bu artımlar qarşıdakı  bayramlarla bağlıdır. 2009-cu ildə bayramların gəlişinin qiymətlərə təsiri minimum olsa da  cari ildə situasiya fərqlidir”.
 V.Bayramov növbəti həftədən bir sıra məhsulların qiymətində artımların davam edəcəyini düşünür: “Bu həm də ərzaq məhsullarına tələbatın artması ilə  bağlıdır. Digər tərəfdən artıq dünya bazarında bir sıra  məhsulların qiymətində artımlar müşahidə edilməkdədir. Hansıki, bu  ölkəyə idxal olunan məhsulların qiymətini də artıracaq. Düzdür bəzi məhsullar var ki, ölkədə istehsal olunur. Amma yerli istehsalın ərzaq məhsullarında payı aşağıdır”. 
Ekspert deyir ki, bəzi dövlət qurumları qiymət artımlarının qarşısının alınması əvəzinə bahalaşmanı sürətləndirən, eləcə də şərtləndirən addımlar atırlar: “Dövlət Baytarlıq Xidməti Qurban bayramında rayonlardan ölkəyə gətiriləcək ət məhsulları üçün yerli baytarlıq xidmətlərindən xüsusi arayışın alınmasını tələb  edir. Bu da rayonlardan gətirilən ət məhsullarının qiymətinin artmasına səbəb olacaq. Çünki bütün hallarda arayışın alınması əlavə xərcdir”.
Mütəxəssisin fikrincə, baytarlıq xidmətinin bu sahədə fəaliyyətini möhkəmləndirməsi vacibdir: “Amma nəzərə almaq lazımdır ki, belə addımlar atmazdan əvvəl baytarlıq xidmətinin özünün öz fəaliyyətinə nəzarəti gücləndirməsi, bu sahədə ciddi nizam-intizam yaratması lazımdır”.
 “Dünya bazarında şəkərin, çayın, düyü və buğda məhsullarının  qiymətinin bahalaşması  müşahidə edilir” deyən iqtisadçı bildirir ki, bu həmin məhsulların istehsal həcminin aşağı düşməsindən irəli gəlir: “ Yalnız  son 1 ayda dünya bazarında çayın qiyməti 8 faiz artıb. Düyününm qiymətində 6 faiz, buğdanın qiymətində 8-14 faiz təşkil edib”.
 Onun  sözlərinə görə, bahalaşmanın qarşısını almaq üçün İqtisadi İnkişaf Nazirliyinin  süni qiymət artımlarına qarşı mübarizəni genişləndirməlidir: “İndiki halda baş verən artımlar süni qiymət artımlarıdır.Hər hansı iqtisadi faktorla əsaslandırıla biməz. Yeri gəlmişkən,  əksər müsəlman ölkələrinə Qurban bayramında ət və ət məhsullarının qiymətində endirimlər edilir.
V.Bayramov hazirki qiymət artımlarının parlament    seçkiləri ilə heç bir əlaqəsi olmadığını düşünür: “Çünki, parlament seçkilərində namizədlərin kampaniyaya ayırdıqları vəsaitlərin həcmi əvvəlki əvvəlki seçkilərlə müqayisədə xeyli aşağı idi. Dövriyyədə pul artımına iqtisadi baxımdan təsir göstərmək imkanına malik deyil. Bundan əlavə indiki  seçkilərdən sonrakı vəziyyət ötən seçkilərlə müqayisədə  fərqlidir. Hökümətin seçkidən sonra ciddi qiymət artımlarına gedəcəyi gözlənilmir. İlin sonuna qədər tənzimlənən  qiymətlərin artırılması yönündə qərarın qəbulu  baş verməyəcək. Bununla belə güman edilir 2011-ci ilin əvvəlində bir sıra sahələrdə  qiymətlərin artırılması məsələsi Tarif Şurası tərəfindən müzakirə olunacaq”.

  • Yazılıb
  • da (də) 2010 Nov 10