Tarix : 2010 Nov 10
Kod 19560

Rəsmi Bakı ilə rəsmi Vaşinqton bir-birindən narazı qalıb

Azərbaycanda keçirilən parlament seçkiləri ABŞ-la münasibətlərə kölgə salıb
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi noyabrın 7-də keçirilən Milli Məclisə seçkilərlə əlaqədar ABŞ Dövlət Departamentinin yaydığı açıqlamaya münasibət bildirib.
    Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilir ki, bu açıqlama Azərbaycanda təəccüb və təəssüf hissi ilə qarşılanıb. Belə ki, bu və ya digər ölkədə keçirilən seçkilərə qiymət verərkən Dövlət Departamentinin açıqlaması bir qayda olaraq həmin seçkilərə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən verilən qiymətlərdən köklü surətdə fərqlənmir: “Dövlət Departamenti bəyan edir ki, Azərbaycanda noyabrın 7-də keçirilən “Parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilməyib”. Həmin açıqlamada ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun, Avropa Şurasının Parlament Assambleyasının, ATƏT-in Parlament Assambleyasının, Avropa Parlamentinin Seçkiləri Müşahidə Missiyalarının gəldikləri nəticəyə istinad olunur. Lakin istinad olunan sənəddə Dövlət Departamentinin verdiyi nəticəyə oxşar qiymətləndirmə yoxdur”.

XİN-in açıqlamasında o da qeyd olunub ki, beynəlxalq təşkilatların yaydığı sənəddə bəzi nöqsanlarla bərabər vurğulanıb ki, seçkilər dinc və debat şəraitində keçirilib, bütün müxalifət partiyalarının iştirakı ilə səciyyələnib və müşahidə missiyaları məntəqələrin 90 faizində səsvermə prosesini müsbət qiymətləndiriblər. Bu da onu göstərir ki, seçkilər bütövlükdə əhalinin etimadını qazanıb.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti rəsmi bəyanatla çıxış edərək, Azərbaycanda keçirilən parlament seçkilərindən narazı qaldığını bildirib. Bu barədə Departamentin mətbuat katibi Filip Krouli çıxış edərək bildirib ki, "Seçki özü beynəlxalq standartlara uyğun olmadı”. Vaşinqton rəsmisi bunları da qeyd edib:

“Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının ilkin qiymətləndirməsinə dəstək veririk. Bu qiymətləndirmədə qeyd olunur ki, seçkilərin keçirilməsi, ümumilikdə ölkənin demokratik inkişafı üçün əhəmiyyətli irəliləyiş baxımından qənaətbəxş deyil”.

Beləliklə, parlament seçkiləri nəticəsində rəsmi Vaşinqton rəsmi Bakının, Bakı da Vaşinqtonun ünvanına narazılıq ifadə edən bəyanatlar səsləndirmişlər. Buna baxmayaraq, ekspertlər qeyd edirlər ki, ABŞ Azərbaycan Respublikasında neft-qaz, İrana münasibət, Əfqanıstan və İraq məsələsi və s. kimi mövzularda maraqları baxımından seçkilərə görə Əliyev hakimiyyətinə qarşı heç bir real addım atmayacaq və bütün narazılıqlar elə Dövlət Departamentinin bəyanatı ilə yekunlaşacaq. Buna baxmayaraq, bu bəyanatın Azərbaycan Respublikasının beynəlxalq imicinə mənfi təsiri də qaçılmazdır.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Nov 10