Tarix : 2010 Nov 10
Kod 19562

Azərbaycan restoranlarından 4 ayı və bir canavar müsadirə edilib

Heyvanlar Milli parklara təhvil verilib
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən restoranlarda saxlanılan 4 ayı və bir canavar müsadirə edilərək Milli parkların ərazisinə buraxılıb. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovaaçıqlama verib.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəhşi heyvanların ayrı-ayrı istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasının qarşısını almaq məqsədi ilə Daxili İşlər və Vergilər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi reydlər zamanı Bakının Səbail rayonu ərazisində yerləşən "Qurd qapısı" restoranında 1 ayının, Lerik rayonu ərazisində yerləşən istirahət mərkəzində isə 3 ayının və 1 canavarın qəfəsdə saxlanılması aşkar edilib", - o, bildirib.

Müsadirə olunmuş 4 ayı Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib, 1 canavar isə Hirkan Milli Parkının ərazisinə buraxılıb.

İbrahimovanın sözlərinə görə, qanunu pozmuş şəxslər "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimələniblər.

Bundan əvvəl, Xətai rayonununda fəaliyyət göstərən kafedən 1 dələ, Hövsan qəsəbəsində fəaliyyət göstərən kafedən isə 2 canavar müsadirə edilərək Abşeron Milli Parkına buraxılıb.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan KİV-ləri məlumat yaymışdı ki, Qəbələ rayonundakı restoranlardan birində nazirlərdən birinin oğlu qəfəsədə saxlanılan ayını kəsdirib, kababını sifariş etmişdi. Nazir oğlunun ayı kababı yeməsi məsələsi ölkədə ciddi ajiotaja səbəb olmuşdu.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Nov 10