Tarix : 2010 Nov 12
Kod 19577

Azərbaycanla İsrail arasında münaqişə

İsrailin xarici işlər nazirliyi AZAL-dan şikayətçidir
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycanla İsrail arasında Bakıya səfər edən İsrail vətəndaşlarına viza verilməsilə bağlı yenidən münaqişə yaranıb. Bu dəfə münaqişəyə səbəb İsrail vətəndaşlarının Bakı aeroportunda viza ala bilməsi üçün ancaq AZAL-ın Bakı-Təl-Əviv birbaşa reysi ilə uçmalı olduğuna dair tələbdir.

İsrail Xarici İşlər Nazirliyindəki mənbə bu davranışı “özbaşınalıq” adlandırıb və bildirib ki, şirkət prezident İlham Əliyevin imzaladığı sərəncamı öz istədiyi kimi icra edir.

Azərbaycan prezidenti ölkəyə gələn xarici vətəndaşlar üçün Bakı aeroportunda viza verilməsi prosedurlarını sərtləşdirib. Yeni qaydalara görə, Azərbaycanın diplomatik nümayəndəliklərinin olmadığı ölkələrin vətəndaşları XİN və digər rəsmi dövlət qurumları tərəfindən rəsmən dəvət edilməyibsə, Bakı aeroportunda viza ala bilməzlər. Belələri viza üçün Azərbaycanın ən yaxın ölkələrdən birindəki səfirliklərinə şəxsən müraciət etməlidir.

Yeni qaydalar Azərbaycan səfirliyinin olmadığı İsraildə də narahatlıq yaradıb. Dərhal bu ölkənin rəsmi qurumları Azərbaycan hakimiyyətinə narahatlıqlarını bildirib və biznes, şəxsi və digər səbəblərlə bağlı Bakıya gələn İsrail vətəndaşlarına aeroportda viza verilməsi qaydasının bərpası üçün danışıqlar aparıblar. İsrail xarici işlər naziri Aviqdor Liberman bu məsələ ilə bağlı azərbaycanlı həmkarı Elmar Məmmədyarova zəng edib. Bu telefon danışığından sonra XİN prezidentdən xahiş edib ki, xarici vətəndaşlar üçün viza qaydalarına yenidən baxsın. Dövlət başçısı bu müraciət əsasında öz sərəncamına düzəliş edib. O düzəlişə görə, ərazisində Azərbaycan səfirliyinin fəaliyyət göstərmədiyi, lakin Azərbaycanla birbaşa aviareyslərə malik olan ölkələrin vətəndaşları da vizanı aeroportda ala bilərlər. Bununla da İsrail vətəndaşlarına vizanı yenidən Bakı aeroportunda almaq imkanı yaradılıb. Çünki İsraillə Azərbaycan arasında birbaşa aviareyslər var.

Lakin “İzRus” portalı xəbər verir ki, Azərbaycan hakimiyyətinin İsrail vətəndaşlarına viza verilməsi prosedurunu asanlaşdıran qərarı qalmaqalla üzləşib. Məlum olub ki, aeroportda vizanı ancaq Azərbaycan Dövlət Hava Yolları Şirkətinin (AZAL) reysləri ilə uçanlar ala bilər. Mənbə deyir ki, prezident İlham Əliyevin sərəncamında xarici vətəndaşların Bakıya birbaşa reyslə uçması şərti yer almırdı. Lakin son bir neçə gündə Bakıya Vyana və İstanbuldan gələn İsrail vətəndaşlarına aeroportda viza verilməyib və onlar deportasiya olunub. Bakı aeroportunda onlara bildirilib ki, prezidentin sərəncamı ancaq birbaşa reyslərlə uçanlara aiddir. İsrailin Bakıdakı səfirliyi prezidentin sərəncamını araşdırsa da orada belə bəndə rast gəlməyib. Bildirilir ki, İsrail XİN bu davranışla bağlı ciddi narahatlıq ifadə edib.

Bu haqda məlumat yayan “Yeni Müsavat” qəzetinin yazdığına görə, adının açıqlanmamasını istəyən diplomat bildirib ki, Bakı beynəlxalq hava limanı məmurlarının davranışı qəzəb doğurur. “AZAL-ın digərlərinin hesabına öz biznesini himayə etməsi yolverilməzdir” - deyə mənbə bildirib.

Lakin portal qeyd edir ki, noyabrın 9-da Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov da yerli KİV-ə açıqlamasında prezidentin sərəncamını düzgün şərh etməyib. O deyib ki, ikitərəfli razılaşmaya görə, Bakıya birbaşa aviareyslə gələn İsrail vətəndaşları aeroportda viza ala bilər. “Bu, Azərbaycana getmək istəyən İsrail vətəndaşlarının qarşılaşdıqları yeganə problem deyil. Məlum olub ki, on minlərlə İsrail vətəndaşının işlədiyi Moskvada yerləşən Azərbaycan səfirliyi də israillilərə viza vermək istəmir. Redaksiyaya daxil olan müraciətlərə görə, səfirlikdə İsrail vətəndaşlarını sadəcə olaraq qəbul etmək istəmirlər. Baxmayaraq ki, İordaniyadakı Azərbaycan səfirliyi İsrail vətəndaşlarına operativ xidmət göstərir” - deyə məlumatda bildirilir.

 

“Aran” İA

 

  • Yazılıb
  • da (də) 2010 Nov 12