Tarix : 2010 Nov 12
Kod 19578

Müxalifət liderlərini söyən partiya sədri üzrxahlıq edir

Hafiz Hacıyev Əliyev hakimiyyətini sərt tənqid etdi
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, deputatlığa keçmiş namizəd, “Müasir Müsavat” partiyasının sədri Hafiz Hacıyev seçkilərdən sonra “Yeni Müsavat”a açıqlamasında İsa Qəmbər və Əli Kərimli haqda uzun illərdir səsləndirdiyi ittihamlara görə peşman olduğunu deyib. O, müsavatçı və cəbhəçilərdən üzr istəyərək bundan sonra onlarla birgə demokratiya uğrunda mübarizəyə, hətta ölümə belə hazır olduğunu açıqlayıb.

Partiya sədri Əliyev hakimiyyətini sərt tənqid edib və bəyan edib ki, hakim komanda hətta prezident İlham Əliyevə də xəyanət etməkdədir. Hafiz Hacıyev hakimiyyət daxilindəki bəzi qüvvələrin “vaxtıyla Heydər Əliyevə pulemyotdan güllə açan şəxsi deputat etdiyini” bildirib.

Dünən Müsavat və AXCP də daxil olmaqla, xeyli partiya bir araya gələrək saxta seçkiləri tanımamaqla bağlı bəyanat imzalayıb. Sənəd digər qüvvələrin də imzalaması üçün açıq elan olunub. Müsavat qərargahında bu münasibətlə keçirilən mətbuat konfransında İsa Qəmbərlə Əli Kərimliyə “Hafiz Hacıyevi bağışladınızmı? Hacıyev də bəyanata imza atmaq istəsə, razı olacaqsınızmı” sualları ilə müraciət etdik. İ.Qəmbərin cavabı belə oldu: “Allahın tövbə qapısı həmişə açıqdır. Üzr istəyirəm bu fikrimə görə, Allahın böyüklüyü ilə bəndənin kiçikliyi arasında fərqi görün. Allah böyükdür, bağışlayandır, tövbəni qəbul edəndir. Hər şey zamana bağlıdır. Zaman göstərər. Biz bu bəyanatı imzalamaqla sərhəd də çəkmirik ki, kim onu imzalayıbsa, onunla söhbətimiz mümkündür, kim imzalamayıbsa, mümkün deyil”.

Əli Kərimli isə sualı belə cavablandırıb:

“Biz cəmiyyəti səfərbər etmək, yeni mübarizə mərhələsi başlatmaq üçün çalışacağıq. Prosesin gedişində aydın olacaq ki, kimlər bu prosesdə iştirak edəcək, kimlərin arasında uzlaşmanı əldə eləmək mümkün olacaq. Bu gün imzalanan bəyanat hələlik başlanğıcdır. Bəyanat açıqdır, hər kəs bu bəyanatın iştirakçısı ola bilər”.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Nov 12