Tarix : 2010 Nov 16
Kod 19621

Bakının mərkəzi sökülür: sakinlər narazıdır

Füzuli küçəsində qalmaqallı söküntü davam edir
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Bakı şəhərinin mərkəzində - Füzuli küçəsində “Qış parkı”nın salınması üçün nəzərdə tutulan ərazidə söküntü işləri növbəti dəfə qalmaqalla müşahidə olunub. Bu gün söküntü işlərini həyata keçirən şirkət 56 və 58 ünvanlarında yerləşən binanı sökür.

Müxbirimizin verdiyi məlumatda bildirilir ki, səhər saat 8-dən başlayan söküntüyə sakinlər öz etirazlarını bildirməyə başlayıb.

Həmin ünvanda yaşayan Hikmət İsmayılov jurnalistlərə bunları söyləyib: “11 aydır bu faciənin içindəyik. Evdən zorla çıxarırlar. Çıxmayanda, deyirlər qanunu pozursan. Mən qanun pozmuram, bu camaat qanun pozmur. Yaşayırıq da evimizdə. Ya bizə normal kompensasiya verilsin, ya bizə ev versinlər. Axı belə olmaz. Nə qədər belə olacaq?”.

Qeyd edək ki, sakinlərə olduqca az konpensasiya verildiyindən, onlar şəhərin mərkəzindəki evlərindən çıxmırlar. Yerli mətbuatın yazdığına görə, şəhərin mərkəzində hər kvadrat metrə görə 1500 dollar təklifi onları qane etmir. Belə ki, sakinlərin sözlərinə görə, onlara təklif olunan bu pula yaxşı yerdən ev almaq da mümkün deyil.

Azərbaycan KİV-ləri hadisəni təsvir edərək qeyd edirlər ki, vaxtılə adlı-sanlı olan bu küçə hazırda xarabalığa çevrilib. Söküntü işlərini aparanlar getdikcə miqyası genişləndirirlər. Zor-xoş artıq işlər tamamlanmaq üzrə olsa da, ciddi müqavimət göstərənlər də var. Onlar sona qədər mübarizə aparacaqlarına söz veriblər. Söküntü işlərini Bakı şəhər İcra Hakimiyyəti aparır.

Sökülən evlərin yerində yeni parkın salınması işləri çərçivəsində 2008-ci ilin dekabr ayından Füzuli küçəsində aparılan söküntü işləri artıq yekunlaşmaq üzrədir. İşin yekunlaşması üçün Füzuli 58 ünvanında cəmi bir neçə ev qalıb. Bu evlərdə yaşayan sakinlər mənzilləri boşaltmaq niyyətində deyillər. Sakinlərin sözlərinə görə, verilən kompensasiyanın miqdarı artırılmasa, onlar evlərini tərk etməyəcəklər. Bu isə, onlarla dövlət orqanları arasında ciddi münaqişənin yaranacağından xəbər verir.

 

“Aran” İA

 

  • Yazılıb
  • da (də) 2010 Nov 16