Ermənistanın prezidenti Serj Sərkisyan Moskvada Azərbaycan Respublikasının ünvanına sərt bəyanatlarla çıxış edib
Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Ermənistanın prezidenti Serj Sərkisyan Moskvada Azərbaycan Respublikasının ünvanına sərt bəyanatlarla çıxış edib. O, Dağlıq Qarabağla bağlı münaqişədə bütün günahların rəsmi Bakıda olduğunu vurğulayıb: “Erməni xalqı müharibə istəmir. Biz indi də birinci hücum etməyəcəyik. Amma bizə ünvanlanan çağırışa da əhəmiyyətsiz yanaşmayacağıq. Biz öz torpağımızda möhkəm olmuşuq, bu gün də möhkəmik, gələcəkdə daha möhkəm olacağıq”.
Bu bəyanatla Serj Sərkisyan “Hayastan” fondunun Moskvada keçirdiyi xüsusi tədbirində deyib. O, verdiyi bəyanatlarla bir daha sübut edib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli ilə bağlı nikbin baxışlar heç də reallığı əks etdirmir. Məsələn, Ermənistanın dövlət başçısı münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürmüş bir ölkənin – Rusiyanın paytaxtında bunları bəyan edib:
“Dağlıq Qarabağ daim möhkəmlənən dövlətdir. Bu ölkə qonşu Azərbaycandan daha demokratikdir. Problemin nizamlanması ətrafında danışıqlar davam etdirilir. Azərbaycan Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsinin alternativinin olmadığını nə qədər tez anlasa, danışıqlar da bir o qədər tez başa çatar”.
“Aran” İA