17 noyabr həm də Azərbaycan Respublikasında milli-azadlıq hərəkatının başlanğıcı hesab olunur
Azərbaycan servisi/Aran agentliyi
Bu gün İslam dünyasının ən böyük bayramlarından biri – Qurban bayramıdır. “Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, 17 noyabr həm də Azərbaycan Respublikasında milli-azadlıq hərəkatının başlanğıcı hesab olunur. Belə ki, 22 il bundan əvvəl, 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı ermənilərin Dağlıq Qarabağla bağlı yürütdüyü separatçı siyasətə və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq Bakıda o vaxtkı Lenin, indiki Azadlıq meydanında toplaşdı.
Həmin gün 68 il SSRİ-nin tərkibində olan bir millətin azadlıq uğrunda mübarizəsi başladı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması yeni tarixin təməlini qoydu. Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda, hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır. Bu hərəkat cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənirdi. Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Bununla belə, sovetlər birliyi zor gücünə öz varlığını qoruya bilmədi. 17 noyabrda başlanan hərəkat nəhayətdə Azərbaycan Sovet Sosialist Respublikasının SSRİ-nin tərkibindən çıxmasıyla nəticələndi. 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini elan etdi.
“Aran” İA