Tarix : 2010 Nov 17
Kod 19645

İraq prezidentinə görə Qarabağla bağlı müzakirələr təxirə düşdü

dünən Parisdə Sosialist İnternasionalının növbəti konfransı keçirilib
Azərbaycan servisi/Aran agentliyi

 

“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, dünən Parisdə Sosialist İnternasionalının növbəti konfransı keçirilib.

Konfransda Azərbaycan Respublikasını Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə təmsil edib. Tədbirə sol təmayüllü təşkilatların rəhbərləri və bir çox ölkənin hökumət nümayəndələri qatılıb. Toplantıda hesabat xarakterli çıxış edən qurumun baş katibi Luis Ayala Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunub. Luis Ayala deyib ki, bir müddət öncə Azərbaycan və Ermənistana səfərləri zamanı bu ölkələrin dövlət başçıları ilə keçirdiyi görüşlərdə onların münaqişənin sülh yolu ilə həllinə marağının şahidi olub.

Tədbirdə İraq prezidenti Cəlal Tələbani də çıxış edib. Kürd mənşəli prezident İraqdakı proseslər, problemlərin həlli istiqamətində atılan addımlar, o cümlədən dünya birliyinin bu ölkədə demokratiyanın formalaşmasına dəstəyi haqqında danışıb.

ASDP sədri jurnalistlərə bildirib ki, konfransda onun və “Daşnaksutyun” təmsilçisinin çıxışları nəzərdə tutulsa da, Cəlal Tələbaninin nitqi ayrılan vaxtdan 40 dəqiqə çox çəkdiyindən bu çıxışlar təxirə salınıb. Bu səbəbdən də ASDP-nin və “Daşnaksutyun”un münaqişənin həlli ilə bağlı təklifləri müzakirəyə çıxarılmayıb, həmçinin Dağlıq Qarabağ probleminə dair qətnamə qəbul olunmayıb.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Nov 17