Tarix : 2010 Nov 18
Kod 19653

İlham Əliyev: “İran-Azərbaycan münasibətləri bölgənin inkişafı üçün önəmli amilə çevrilib”

İran və Azərbaycan prezidentləri bəyanatlarla çıxış ediblər
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadla Azərbaycan Respublikasının prezidenti İlham Əliyev arasında keçirilən xüsusi görüşdən sonra, dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış ediblər.

Prezident Əliyev nitqində qeyd edib ki, “İran-Azərbaycan münasibətləri bölgənin inkişafı üçün önəmli amilə çevrilib”. O, bunları bəyan edib:

"Münasibətlərimizin bugünkü səviyyəsi, məncə, ən yüksək səviyyədir. Biz bu səviyyənin qaldırılması üçün ardıcıllıqla praktiki addımlar atırıq. Biz qonşuyuq, dostuq, qardaşıq. Biz bu bölgədə vacib rola malikik. Bu gün İran ilə Azərbaycan arasındakı münasibətlər nəinki iki ölkə arasındakı münasibətlər kimi formallaşıbdır, eyni zamanda, münasibətlərimizin bölgədə gedən proseslərə mühüm təsiri vardır. Bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün münasibətlərimizin xüsusi əhəmiyyəti vardır" İlham Əliyev deyib. O, bildirib ki, bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələləri bu gün geniş müzakirə olunub.

"Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin son mərhələsi haqqında cənab Prezidentə məlumat verdim. Bir daha demək istəyirəm ki, Azərbaycan məsələnin tezliklə, beynəlxalq hüquq normaları əsasında həll olunmasının tərəfdarıdır. Bu münaqişə öz həllini Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı, ATƏT və digər beynəlxalq təşkilatların qətnamələri və qərarları əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bu yeganə yoldur və Azərbaycan bu məqsədlərə çatmaq üçün səylərini davam etdirəcəkdir.

Bütün dünya artıq çoxdan bilir ki, Azərbaycan torpaqları uzun illərdir Ermənistan tərəfindən işğal edilib. Torpağlarımızın 20 faizi işğal altındadır. Bu işğal və Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. İşğal edilmiş torpaqlarda bütün infrastruktur dağıdılıb, bütün binalar yerlə yeksan edilib. Tarixi abidələrimiz, əcdadlarımızın qəbirləri, müqəddəs yerlərimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıbdır. Bu, böyük ədalətsizlik və qəddarlıqdır.

Mən ümid edirəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu etmək üçün əlbəttə ki, biz daha da güclü olmalıyıq. Bu barədə bu gün fikir mübadiləsi aparılmışdır. Deyə bilərəm ki, bu gün biz bütövlükdə çox geniş fikir mübadiləsi apardıq. Həm regional məsələlər, ikitərəfli münasibətlər, həm də Xəzəryanı ölkələr arasındakı əlaqələr haqqında geniş fikir mübadiləsi aparılmışdır. Bu fikir mübadiləsi çox müsbət olmuşdur" Prezident çıxışında söyləyib.

İlham Əliyev İran Prezidentinin gözəl bayram günlərində Azərbaycana səfər etməyinə şad olduğunu bildirib.

"Bir daha demək istəyirəm ki, Sizin səfərinizə Azərbaycanda çox böyük əhəmiyyət veririk! Mən əminəm ki, səfərin çox gözəl və uğurlu nəticələri olacaqdır! Mən çox şadam ki, Siz Azərbaycana gözəl bayram günlərində səfər edirsiniz! Bu fürsətdən istifadə edərək Sizi və bütün qardaş İran xalqını, bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Səfərin çox gözəl nəticələri vardır. Biz bu gün Sizinlə həm təkbətək görüşdə, həm geniş tərkibdəki görüşdə ikitərəfli əlaqələrimizin müxtəlif sahələrini geniş müzakirə etdik. Bir daha mövqeyimizi ifadə etdik ki, ikitərəfli münasibətlərin bundan sonra da inkişafı uğurla davam etməlidir. Biz bütün sahələrdə uğurlu əməkdaşlığımızın dərinləşməsi üçün səylərimizi qoymağa çalışırıq və buna nail oluruq" dövlət başçısı deyib.

İlham Əliyev Azərbaycanla İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. "Aramızda çox güclü siyasi dialoq aparılır. Biz Sizinlə mütəmadi qaydada həm İranda, həm Azərbaycanda, həm də başqa ölkələrdə görüşür, fikir mübadiləsi aparırıq. Xarici işlər nazirləri, digər nazirlər vaxtaşırı görüşürlər. Yəni, siyasi əlaqələrimizin inkişafı bütün başqa sahələrdə inkişafa səbəb olur və beləliklə, əlaqələrimiz daha da güclənir.

Beynəlxalq təşkilatlarda əməkdaşlığımızın çox böyük əhəmiyyəti vardır. Biz BMT, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatında bütün dövrlərdə çox uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu dəstək gündən-günə güclənir. Bu gün biz bununla bərabər iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün əlavə tədbirlərin görülməsi haqqında fikir mübadiləsi apardıq. Fikrimiz ondan ibarətdir ki, iqtisadi əlaqələrimizi daha da sürətlə inkişaf etdirməliyik. Bugünkü ticarət dövriyyəsinin səviyyəsi nə İran tərəfini, nə də bizi qane edir. Əminik ki, ölkələrimizdə mövcud olan potensial bizə imkan verəcək ki, yaxın zamanlarda ticarət dövriyyəsini bir neçə dəfə artıraq. Biz buna çalışırıq və müvafiq göstərişlər verilmişdir.

Əminəm ki, bu gün enerji və nəqliyyat sahəsində imzalanmış Anlaşma Memorandumunun icrası nəticəsində ticarət dövriyyəmiz də böyük dərəcədə artacaqdır. İmzalanmış memorandum çoxşaxəlidir. Orada bütün məsələlər, vacib, konkret layihələr əksini tapıb. Nəqliyyat sektorunda Şimal-Cənub dəhlizinin yaradılması və bu sahədə əlavə tədbirlərin görülməsi nəzərdə tutulur, birgə elektrik güclərinin yaradılması məsələləri öz əksini tapıb. Elektrik xətlərinin birləşdirilməsi, qaz sahəsində əməkdaşlıq, yəni, bütün enerji və nəqliyyat sektorunu əhatə edən məsələlər Anlaşma Memorandumunda göstərilibdir. Müvafiq tapşırıqlar verilibdir ki, biz tezliklə memorandumun icrasına başlayaq.

Enerji sektorunda əməkdaşlığın artıq gözəl tarixi vardır. Biz gələcəyə baxmalıyıq. Bu gün möhkəm təməl üzərində qurulmuş bu əlaqələr əlbəttə ki, inkişaf etməlidir. Yeni layihələr müzakirə olunur. Ümid edirəm ki, həm İran tərəfində, həm Azərbaycan tərəfində hazırda görülən işlər, qoyulan sərmayə gələcəkdə enerji sahəsində əməkdaşlığın daha da genişlənməsini təmin edəcəkdir.

Münasibətlərimizin çox böyük tarixi vardır. Xalqlarımız dost, qardaş xalqlardır. Əsrlər boyu xalqlarımız bir yerdə olmuşlar, bir yerdə yaşamışlar. Bizi bağlayan bu tarixi və mədəni əlaqələr bugünkü əlaqələrimizin möhkəm təməlidir. Biz münasibətlərimizi bu təməl üzərində qurmuşuq. Azərbaycan müstəqilliyə qovuşandan sonra ikitərəfli münasibətlərimiz çox sürətlə inkişaf etməyə başlamışdır" Prezident bildirib.

Daha sonra İran prezidenti bəyanatla çıxış edib: "Azərbaycanın inkişafını, təhlükəsizliyini özümüzün inkişaf və təhlükəsizliyi hesab edirik. Bütün beynəlxalq təşkilatlarda və dünya birliyində Azərbaycanın yanında olacağıq. Biz iki qardaş dövlətik. Bu qardaşlıq davam edəcək, zaman keçdikcə güclənəcək və dərinləşəcəkdir" Mahmud Əhmədinejad deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident Əhmədinejad bildirib ki, bu gün Azərbaycan-İran münasibətləri çox yaxşıdır:

"Azərbaycan-İran qardaşlıq əlaqələri bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmlidir. Bölgədə sülhün qorunub saxlanılmasında, inkişafında iki ölkənin rolu əvəzsiz və böyükdür. Bu gün bizim müştərək baxışlarımız, yanaşmalarımız və müştərək proqramlarımız bölgədə sülhün bərqərar olmasına, bölgənin inkişafına və beynəlxalq aləmdə sabitliyə yönəlmişdir. Necə ki, mənim əziz qardaşım vurğuladı, ölkələrimizin potensialı mövcud əməkdaşlıqdan qat-qat çoxdur. Biz belə qərara gəlmişik ki, ikitərəfli əlaqələri - iqtisadi, investisiya, ticarət, nəqliyyat sahələrində imkan daxilində genişləndirək. Bu, iki millətin, bölgənin və bölgədəki sülhün və təhlükəsizliyin xeyrinədir" İran Prezidenti çıxışında söyləyib.

Prezident Əhmədinejadın sözlərinə görə, bölgə və Xəzər barədə baxışlarımız eynidir:

"Hər ikimiz bu fikirdəyik ki, Xəzər sülh və qardaşlıq dənizidir, hamı Xəzərin sərvətlərindən ədalətli şəkildə bəhrələnməlidir. Azərbaycan və İranın Xəzər dənizində rolu böyük və təyinedicidir. Azərbaycan Respublikasının möhtərəm Prezidentinin rəhbərliyi və təşəbbüsü ilə Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü keçiriləcəkdir. İnanıram ki, Azərbaycan Prezidentinin bacarığı və digər dövlət başçılarının iştirakı ilə bu sahədə çox yaxşı qərarlar qəbul ediləcək, böyük addımlar atılacaqdır.

Beynəlxalq məsələlərdə baxışlarımız tamamilə müştərəkdir. Biz həmişə və bütün təşkilatlarda bir-birimizin yanında olacaq və bir-birimizi dəstəkləyəcəyik. Biz də Qarabağ məsələsi ilə bağlı bu fikirdəyik ki, bu problem danışıqlar və ədalət əsasında həll olunmalıdır, hamı gərək danışıqlara və ədalətə arxalansın. Biz var qüvvəmizlə bu problemin danışıqlar, haqq, ədalət və beynəlxalq hüquq çərçivəsində qısa müddətdə həllinə yardımımızı göstərməyə hazırıq" Əhmədinejad əlavə edib.

Mübarək Qurban bayramı münasibətilə Azərbaycanı və dünya müsəlmanlarını bir daha təbrik edən Mahmud Əhmədinejad Böyük Allaha minnətdardır ki, ilin əziz günündə imkan yaratdı ki, onlar bayramı qardaşları ilə birgə keçirsin.

"Necə ki, qardaşım hörmətli Prezident qeyd etdi - Azərbaycan və İran xalqları iki qardaş xalqdır. Bu qardaşlıq tarixin, mədəniyyətin, iki millətin dini inanclarının dərinliyindən əmələ gəlmişdir. Bu, qardaşlıq bir günlük və keçici deyildir. Bunun dərin kökləri vardır və həmişə də olacaqdır.

Bu gün Allahımıza şükür edirik ki, Azərbaycan qardaşım, hörmətli Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf mərhələsini yaşayır. Hər gün biz əziz Azərbaycanın inkişafı barəsində yeni-yeni xəbərlər əldə edirik və buna sevinirik. Düşünürəm ki, inkişaf naminə əməkdaşlığımız davam edəcəkdir. Təcrübəmizi paylaşacaq və hər iki millətin xeyrinə bütün imkanlardan istifadə edəcəyik.

Mənim səfərim evimə, qardaşlarımın yanına olan səfərdir. Biz elə hiss edirik ki, qardaşlarımızın arasındayıq və inanırıq ki, azərbaycanlı qardaşlarımız da İrana səfəri zamanı eyni hissləri keçirirlər. Ümidvarıq ki, bu hisslər hər gün dərinləşəcək və güclənəcəkdir. Biz çox səmərəli və faydalı müzakirələr apardıq. Aramızda heç bir fikir ayrılığı və anlaşılmazlıq yoxdur. Bütün ikitərəfli əlaqələr müstəvisində, eləcə də regional və beynəlxalq məsələlərdə fikirlərimiz üst-üstə düşür. Biz iqtisadi, mədəni məsələlərdən tutmuş siyasi, regional və beynəlxalq əməkdaşlıq məsələlərinə qədər bütün məsələləri diqqətlə nəzərdən keçirdik. Əməkdaşlığımız, gələcəkdə birgə işlərimiz üçün çox aydın konturlar cızıldı.

Çox səmimi və mehriban qarşılanmaya görə, əziz qardaşıma təşəkkürümü bildirirəm. İnanıram ki, bu səfər zamanı apardığımız danışıqlar və əldə etdiyimiz anlaşmalar həm ikitərəfli əlaqələrdə, həm regional çərçivədə, həm də beynəlxalq miqyasda iki millətin xeyrinə və mənafeyinə, dünyada sülhə və sabitliyə müsbət töhfələrini verəcəkdir.

Bir daha Azərbaycan Respublikasının Prezidentinə təşəkkürümü bildirirəm və onun əməkdaşlığımızın genişlənməsi üçün bütün təşəbbüslərini dəstəkləyirəm. Bir daha bayramınızı təbrik edirəm. Bu bayram Azərbaycan və İran xalqları, bütün dünya müsəlmanları və dünyanın müstəqil xalqları üçün xeyir-bərəkət, sağlamlıq, rifah gətirəcəkdir. Sizə və möhtərəm cənab Prezidentə bir daha təşəkkürümü bildirirəm" Mahmud Əhmədinejad çıxışında bildirib.

“Aran” İA

 

  • Yazılıb
  • da (də) 2010 Nov 18