Tarix : 2010 Nov 22
Kod 19696

Azərbaycan Respublikasında siyasət bəhanəsilə İslamla mübarizə: Bu yol hara aparır?

.
Azərbaycan servisi/Aran agentliyi

 

”Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bir neçə şiə kitabını, xüsusilə də təqlid mərcələrinin şəri hökmlər risaləsini bu ölkənin kitab mağazalarından yığışdırmış və bu qəbil kitabların kitab mağazalarında alqı-satqısını qadağan etmişdir”... “Yevlax şəhər icra başçısı taksi sürücülərinə göstəriş verib ki, hicablı qadınlara xidmət göstərməsinlər və sahibkarlar namaz qılan işçiləri işdən çıxarsınlar”... “Yevlax şəhər icra başçısının göstərişilə ticarətçilərə hicablı qadınlarla alış-veriş qadağan edildi”... “Həzrət Məhəmməd (s) məscidi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən uçuruldu”... “Həzrət Fatimeyi-Zəhra (s.ə.) məscidinin uçurulması hökmü Ali məhkəmənin hökmü ilə qüvvədə qaldı”... (Sonradan məscid binası Qafqaz Müsəlmanları İdarəsi - QMI-nin ixtiyarına verildi)... “Yasamal məhkəməsinin qərarı ilə Peyğəmbər (s) əzadarlarına 4 il həbs cəzası verildi”... “Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin verdiyi məlumata görə, dövlət bəzi hərbi hissələrdə namaz qılınmasını qadağan etmişdir”... “Azərbaycan Respublikası prezidentinin fərmanına görə, hər bir xəbər agentliyinə 10 min manat, hər qəzet və nəşriyyata 20 min manat maddi yardım göstərilir. Dövlətin yardımı islamyönlü və müstəqil nəşriyyatlara aid edilmir”... “Azərbaycan dövlətinin qərarına əsasən, İranın dini təhsil mərkəzlərində təhsil almaq qadağan olunub və İranda təhsil almış ruhanilər dini və İlahi hökmləri çatdırma hüququna malik deyillər”... “Şeytan ayələri kitabı “Unikal Bakı” qəzetində silsilə şəklində çap edilir”... Və s.

Yuxarıda qeyd olunanlar Azərbaycan dövlətinin müsəlman və şiə ölkəsində atdığı addımlardır. Bu ölkənin dindar və inanclı xalqı müxtəlif yollarla təzyiqə məruz qalırlar və onları öz dini, məzhəbi ayinlərini yerinə yetirməkdən məhrum edirlər.

Bu bir siyasətdir  və  sovet dönəmində uzun illər səhnədə olmuş “Din xalq üçün tiryəkdir” siyasətinin davamıdır. Keçmiş sovet kommunistləri ən qəddar yollarla çalışırdılar ki, məntəqənin müsəlman xalqını öz zəngin dini və milli dəyərlərindən ayırsınlar və öz iddialarına əsasən, İslamın yayılmasından doğan təhdidi bütün bəşər ideologiyaları yolundan silsinlər, ya ən aşağı səviyyəyə salsınlar. Lakin onlar bundan qafil idilər ki, onların ancaq bəşər və insan ideologiyasına və islamafobiyaya sadiq olmaları onların özü üçün bir təhdiddir. Sonda bu təhdid həqiqətə çevrildi və hazırda həmin məktəblərin əsərlərini muzeylərdən başqa bir yerdə tapmaq mümkün deyil.

İran İslam İnqilabının baş verməsinə səbəb oldu ki, keçmiş SSRİ və Azərbaycan Respublikası rəhbərliyi dini maarifin yayılması, onun yeni nəsilə ötürülməsindən qorxuya düşdü. Bunun ardınca bütün dünya xalqlarına, xüsusilə də sərhədsiz və coğrafi məhdudiyyəti olmayan müsəlmanlara “İslam oyanışı” və “istiqlal istəyi”-ni ərməğan etdi və qeyri-müstəqil və xalqyönlü olmayan rejimlərin titrək təməlini təhlükəylə üz-üzə qoydu.

Buna əsasən, İran İslam İnqilabından və onun dünyaya təsirindən sonra, İslam İnqilabının və ona hakim fikrin nüfuzundan qorxan istismarçı və onlara bağlı ölkələr məsələni həll etmək, mental mədəniyyətə, dini şüarlara və islami oyanışa diqqət əvəzinə, məsələnin mahiyyəti olan İslamı məhv etmək fikrinə düşdülər.

Hazırda Bakıda bu üsul dövlət tərəfindən geniş istifadə edilir və Bakı rəsmiləri İslam İnqilabının öz xalqına müsbət təsirlərinin, ölkədə islami oyanışın qarşısını almaq üçün ilk olaraq ölkədə güclü anti-İran siyasəti və ab-havası yaratmışlar. İkincisi, öz ölkələrinin dindarlarına qarşı ciddi məhdudiyyətlər həyata keçirirlər. Maraqlısı budur ki, İslam maarifinin yayılmasına qarşı məhdudiyyətlər müqabilində bu ölkədə fəaliyyət göstərən azğın firqə və dinlərlə nəinki mübarizə aparılmır, hətta yəhudi və xristianlar dövlətin himayəsilə azad şəkildə öz dini fəaliyyətlərilə məşğuldurlar. Vəhhabilik və yahova şahidləri kimi azğın firqələr bu ölkənin şəhərlərində öz fəaliyyətlərini genişləndirirlər.

Bəzi dövlət məmurlarının kommunizm təmayüllü olması, Azərbaycan dövlətinin İslamdan qorxusu və bu ölkədə azğın firqələrin gündən-günə artan fəaliyyəti bu ölkəyə Qərb nüfuz və təsirinin artmasına səbəb olan əsas amillərdəndir. Sözü gedən amillər səbəb olub ki, Qərb ölkələri, xüsusilə də, ABŞ və sionist rejim olan İsrail Azərbaycan məmurlarına təzyiq göstərməklə bu ölkənin dövlətini  müsəlmanlara qarşı azadlıqları məhdudlaşdırmağa vadar etmişlər.

Bu gün ABŞ dövləti Azərbaycana qızıl açar gözü ilə baxır və bu açarla Əfqanıstan, İran və Rusiyadakı hədəflərinə çatmağı planlaşdırır. Sionist rejim  bu ölkədəki mövqeyini hər  gün daha da möhkəmləndirir ki, həm İslam İnqilabı və şiə maarifinin bu şiə ölkəsində yayılmasının qarşısını alsın, həm də İran İslam Respublikasına qarşı hərbi bazalara malik olsun. Azərbaycanda baş verən dəyişikliklər haqqında səthi araşdırma nəticəsində deyə bilərik ki, bu ölkədə qərblilər və sionistlərin əli nə qədər uzanırsa, bir o qədər bu ölkənin müsəlmanlarına qarşı təzyiqlər artır.

Azərbaycan məmurlarının  diqqət yetirməli olduğu məqam budur ki, öz xalqı və İslama qarşı düşmən mövqe tutmuş dövlətlərin aqibətinə baxsın.

Bu ölkənin qonşuluğunda olan  İrana bir zaman köklü  şahlıq rejimi  hakim idi. Bu rejim  2,500 illik keçmişi və Qərbin himayəsi ilə fəxr edirdi. Bu rejim Qərbin yaxın şərqdəki jandarmı sayılır, onların siyasətini məntəqədə icra edirdi. Şah ABŞ-nın təsir və təzyiqilə dini və məzhəbi mədəniyyətlə mübarizəyə başlamışdı. Bir gün ruhanilərə meydan vermirdi, başqa gün hicri qəməri (ay) təqvimini hicri şəmsi (günəş) təqvimilə dəyişirdi, bir gün hicablı qadınlarla mübarizə aparırdı, başqa gün kapitulyasiya layihəsini imzalayırdı və sair. Sual olunur ki, bu qeyri-milli və qərbyönlü rejimin aqibəti necə oldu? Arxası Qərb və ABŞ olan rejim xalqın istəyi və əqidəsi qarşısında müqavimət göstərə bildimi? Xalqdan uzaqlıq, İmam Xomeyninin (r) rəhbərliyilə İslam İnqilabının qələbəsindən başqa bir şeyləmi nəticələndi?

Mövzunun başqa bir nümunəsi hazırkı Türkiyədir. Bu ölkədə Kamalşı və laik rejimin bərqərar olunması ilə uzun illərdir ki, qərblilərin yardımı ilə müsəlmanlar sıxma-boğmaya salınıb.

Qadınların başından hicab götürüldü, İslamyönlü partiyaların fəaliyyətinə xitam verildi, İslamyönlü rəhbər və mübarizlər həbs edildi, hicablı qızlara təhsil almaq qadağan edildi və c. Türkiyədə baş verən son dəyişiklikləri səthi analiz etdikdə məlum olur ki, laiklərin dini və islami simvollara qarşı atdığı oxlar hədəfdən yayınıb və Türkiyənin müsəlman xalqı islamyönlü bir partiyanı iş başına gətirməklə Qərbin Türkiyəni özünə qoşmaq istəyini əlçatmaz bir xəyala çevirmişdir. Bu dövlət indi İsrailin qeyri-humanist siyasətlərilə mübarizədə öndə gedən ölkəyə çevrilib. Belə ki, Qərbi öz yeni siyasət və rəftarlarıyla narahat edib. Bu narahatlıqların sonu ABŞ prezidenti  Obamanın bu sözləri olub: “Türkiyənin Tehran və Tel-Əvivlə əlaqələri bu axarla getsə, Vaşinqton PKK ilə mübarizə üçün Ankaraya silah satışı və Türkiyəni müdafiə məsələsinə yenidən baxmalı olacaq”.

Əgər belə misallar çəkmək lazım olsa, nümunə çoxdur, amma din rəhbərləri demişkən, arifə bir işarə bəsdir.

Bu nümunələri deməkdə hədəf bəşəri bir qanunu sübut etməkdir ki, dövlətləri təşkil edən dayaqlardan bir xalqdır. Belə ki, xalqlar öz istək və nəzərlərilə dövlətlərin əsasını qoyurlar və mövcud dövlətlər, Azrəbaycan dövləti də onlardan biridir. Bu dövlətlər öz millətinin milli kimliyi və mentalitetinə sayğısızlıqdan nəinki sevilməyəcək, hətta öz süqutuna  zəmin yaradacaqdır. Bu məqamda, dövlətlər öz sərhədlərindən kənarda söykənəcək axtarırlar ki, bu da başqalarından asılılıq və xalqdan uzaqlaşmadan başqa bir şeylə nəticələnmir.

Azərbaycan dövləti tərəfindən belə bir yanaşma – müstəqil siyasət ölkədə milli vəhdət yaratmaqdan əlavə məntəqədə müsbət təsirlərə də malik ola bilər. Nəticədə məntəqə ölkələrinin bir-birinə etimadı, onlar arasında münasibətlər güclənər, məntəqə məsələlərinə hegemonların müdaxiləsinin qarşısı alınar. Azərbaycanın özü həmişə hegemonların müdaxiləsindən zərbə görmüşdür. Buna misal olaraq düyünü açılmayan Qarabağ məsələsini və bu ölkənin ərazisinin 20 %-nin Ermənistan dövləti tərəfindən işğalını göstərmək olar. Bu dövlət əgər xalqyönlü siyasət yürüdərsə Ermənistana qarşı xalq arasında vəhdət yarada bilər.
Sonda isə deyək ki, xalqdan qorxmaq və xalqın istəklərindən uzaqlaşmaq tez və ya gec  dövlətlərin süqutuna zəmin yaradır. Əgər Azərbaycan dövləti xalqın dini etiqadı və milli mentalitetə münasibətini yaxşılaşdırmasa yuxarıda qeyd olunan ölkələrin aqibətindən başqa bir şeyə nail olmayacaq.

  • Yazılıb
  • da (də) 2010 Nov 22