Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə,Mərkəzi Seçki Komissiyası noyabrın 7-də keçirilən parlament seçkiləri ilə bağlı yekun protokolu təsdiqləyib. Sənəd Konstitusiya Məhkəməsinə göndəriləcək. Bu haqda jurnalistlərə MSK-nın Müsavat Partiyasından olan üzvü Gülağa Aslanlı məlumat verib. Onun dediyinə görə, ilk öncə iclasda MSK üzvləri çıxış ediblər. Bu haqda “Yeni Müsavat” məlumat yayıb.
MSK katibi Natiq Məmmədov iclasın yekunları barədə bildirib ki, Azərbaycanda parlament seçkiləri bir sıra yeniliklərlə qeyd olunub: “Onların arasında bütün namizədlərə pulsuz efir vaxtının verilməsi də var. İlk dəfə idi ki, ölkədə yayımlanan kanalla dairə ərazisində seçiləcək namizədlərə bərabər imkanlarla efir vaxtı ayrılıb”.
MSK-nın BAXCP-dən olan üzvü Mikayıl Rəhimli hazırkı seçkilər əvvəlkilərdən daha yüksək səviyyədə keçirildiyini və bu seçkilərin əvvəlki analoji proseslərlə müqayisədə irəliyə doğru addım olduğunu deyib.
Gülağa Aslanlı isə MSK üzvlərinin çox fəal işləməsinə baxmayaraq, Azərbaycanda bu il seçki mühitinin olmadığını çıxışında söyləyib. O, seçkidə saxtakarlıqların baş verdiyini vurğulayıb: “Seçkidə saxtakarlığa şərait yaradan və saxtakarlıq edənlərə ar olsun. Mən MSK üzvlərini yekun protokola imza atmamağa çağırıram”.
Digər MSK üzvlərinin də çıxışlarından sonra yekun protokol səsə qoyulub. MSK-nın 18 üzvündən 16-sı protokolun lehinə səs verib, Gülağa Aslanlı sənədin əleyhinə səs verib. Ümid Partiyasından olan MSK üzvü Akif Qurbanov isə bitərəf qalıb.
Gülağa Aslanlı bildirdi ki, yekun protokola imza atması üçün və atmadığına görə ona hər hansı təzyiq edilməyib: “Yeganə təzyiqə bənzər hal belə oldu ki, MSK üzvü olaraq mənim xüsusi rəyimi qəbul etmədilər. Bildirdilər ki, yekun protokola imza atım, sonra xüsusi rəy qəbul edilsin. Mən isə imtina edim”.
Beləliklə, MSK-nın bir neçə dairədə nəticələri ləğv edəcəyi proqnozları doğrulmadı. MSK bütün dairələrdə seçkinin nəticələrini təsdiq etdi.
“Aran” İA