Tarix : 2010 Nov 23
Kod 19718

“İslam dəyərləri Azərbaycanın özününküdür, bu haradansa gəlmə deyil!”

“Birlik” İnformasiya Mərkəzi son günlər respublikamız üçün aktuallıq kəsb edən məktəblərdə hicab məsələsilə bağlı “Yeni Şərq” Araşdırmalar Mərkəzinin direktoru...
Azerbaijan servsi/Aran agentliyi

“Birlik” İnformasiya Mərkəzi son günlər respublikamız üçün aktuallıq kəsb edən məktəblərdə hicab məsələsilə bağlı “Yeni Şərq” Araşdırmalar Mərkəzinin direktoru, fəlsəfə doktoru Elşən Mustafaoğluya müraciət edib. E.Mustafaoğlunun söylədiklərini oxucularımızın nəzərinə yetiririk:

 

“Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanımızda da qanunvericilik Konstitusiyaya söykənir. Konstitusiyamızda bütün vətəndaşların hüquqları tanınır və bu hüquqlar qəbul edilmiş digər qanunlarımızda da təsbit edilir. Heç bir qanun Konstitusiyaya qarşı tətbiq edilə bilməz. Konstitusiyamıza uyğun şəkildə Azərbaycan Respublikasında Təhsil haqqında Qanun qəbul edilib. Bu Qanuna əsasən, bütün vətəndaşların, o cümlədən əqidəsinə uyğun olaraq başını bağlayan qızlarımızın təhsil alma hüququ var. Qanun müstəvisində baş örtüyü qadağası deyilən bircə cümlə də yoxdur. Azərbaycan qanunvericiliyində belə bir qadağa mövcud deyil. Hicab taxmaq, yaxud taxmamaq hər bir vətəndaşın öz seçimidir. Bunu qadağan etmək ən azından Konstitusiyaya edilən hörmətsizlikdir. Təhsildə müəllimlər şagirdlərin, tələbələrin başının çölü deyil, içinə diqqət yetirməlidirlər. İnsan məktəbə oxumağa, öyrənməyə gedir.

Bu gün Azərbaycan tələbələrinin, şagirdlərinin bu cür xoşagəlməz hal ilə, yəni onların qanuni haqlarının pozulması ilə üzləşmələri hüquqi dövlət quruluculuğu istiqamətində ölkəmiz üçün, dövlətimiz üçün böyük bir zərbədir. Dindar insanlarla dövlət orqanları arasında sanki bir çaxnaşma salmağa çalışan dairələr var. Dindar insanları küsdürən, inanclı vətəndaşlarımızı incik salan bir addım olardı ki, onların ailələrini təmsil edən qızları, bacıları təhsil ocaqlarına başıörtülü buraxmasınlar. Bu gün dünyanın bütün sivil ölkələrində, o cümlədən Avropa ölkələrində, ABŞ-da, Kanadada həm müəllimlər, həm professorlar, eyni zamanda tələbələr, şagirdlər rahat şəkildə öz hicablarına riayyət edirlər. Hicablı qızlar məktəbə də, universitetə də baş örtüyü ilə gedirlər. Mən şəxsən özüm ABŞ-ın təhsil mərkəzlərində olmuşam və orda müəllim heyətindən tutmuş, tələbə və şagird heyətinədən, müxtəlif şəxslərlə görüşlər keçirmişik. Özümüz bunun şahidi olmuşuq ki, orada bütün təhsil ocaqlarında hicablı qızlar rahat təhsil almaqdadırlar. Heç kəs onlara “niyə başını örtürsən?” demir. Qalsın ki, baş örtüyünü açmağı tələb etmək. Bu, inanclı insanların hüquqlarının kobud şəkildə pozulmasıdır. Nəyə görə müsəlman ölkəsi olan Azərbaycanda gəlib bizə desinlər ki, hicablı məktəbə daxil olmaq olmaz? Axı niyə? Bu kimə mane olur? Əgər belə bir şey təhsil sistemi üçün zərərli olsaydı, bunu elə ABŞ-da, Britaniyada və s. ölkələrdə də qadağan edərdilər. Amma, qəribədir, Qərb ölkələrində başıbağlı məktəbə getmək olar, amma müsəlman ölkəmizdə yox?

Sırf dini nöqteyi nəzərdən məsələyə yanaşdıqda, bu artıq din və vicdan azadlığı məsələsidir. Hicabı zorən açdırmaq insanlareın dini heysiyyatına təcavüz etməkdir! Bu, yolverilməzdir. Tolerantlıqdan danışan heç bir ölkədə bunu təsəvvürə belə gətirmək olmaz. Axı başını dini inancına görə örtən şəxs üçün bu bir inanc məsələsidir. Gəlin insanların inancına hörmətlə yanaşaq. Üstəlik, vətəndaşların öz dini inanclarını azad ifadə etməsi, inancına uyğun həyat sürməsi Konstitusiyamızda da təsbit edilib. Deməli bu, hicablıların həm dini, həm də konstitusion haqqıdır. Heç kəs bu haqqı tapdalaya bilməz. Bu cür hallar birbaşa olaraq dindarların təhqir olunması deməkdir. Bizim indi milli birliyə böyük ehtiyacımız olduğu halda, inanclı vətəndaşlarımızı dövlətdən küsdürməyin adını nə qoyaq? Axı neyləsin onda bizim başını bağlayan balalarımız? Onların ailələri? Biz Azərbaycandan köçüb getməli deyilik axı. Azərbaycan İslam Konfransı Təşkilatının üzvüdür, Azərbaycan bayrağında müsəlman olmağımızı əks etdirən yaşıl rəng mövcuddur, Azərbaycan prezidenti and içəndə, Konstitusiya ilə yanaşı Qurana da and içir. Bundan əlavə, Azərbaycanda Qurban, Fitr-Ramazan kimi dini bayramlar rəsmi şəkildə qeyd edilir. Çünki biz müsəlman ölkəsiyik. Belə isə, Azərbaycanda dini inanclı insanları yersiz olaraq dövlətdən küskün salmaq, onları incitmək nəyə lazım? İslam dəyərləri Azərbaycanın özününküdür, bu hardansa gəlmə deyil! Bu, əsrlərdən bəri xalqımızın sevə-sevə yaşatdığı, ötən nəsillərin əzab-əziyyətlə bizlərə gətirib çatdırdığı müqəddəs dəyərlərdir. Bu bir əmanətdir bizlər üçün. Bu əmanətə xəyanət etməyək. Axı Azərbaycanda tarixən həmişə başı bağlı qızlar olub. İndi niyə öz milli-mənəvi dəyərlərimizi öz məktəblərimizə yaxın buraxmayaq ki? Niyə bu dəyərləri gündəlik həyatında yaşadan qızlarımızı təhsildən uzaq salaq ki? Yaxud onların qəlblərini qırıb, haqlarını tapdalayaq ki?..

Bu məsələ bir dəfə Milli Məslisdə də müzakirə edildi. Millət vəkilləri bu cür qadağanı pislədilər, onlar təhsil müəssisələrində baş örtüyünün qanunla qadağan edilməsinin əleyhinə çıxdılar.

Mən Təhsil Naziri cənab Misir Mərdənova sual vermək istəyirəm, axı nəyə görə müsəlman ölkəsi olan Azərbaycanda hicablı qızlar məktəbə gedə bilməsin, amma ABŞ-da gedə bilsin?

Mən birbaşa bu məsələ ilə bağlı olan qurumlardan, insanlardan xahiş edirəm, gəlin vətəndaşlarımız üçün, inanclı ailələrimiz üçün problem yaratmayaq. Əksinə, gəlin birlikdə əl-ələ verib başqa problemlərimizlə məşğul olaq. Elə təhsil sistemində bir sürü problemler var, bu gün onların həlli üçün çalışmalı olduğumuz halda, niyə yeni problemlər yaradaq ki? Gəlin dinimizə, insanların inancına və Konstitusiyamıza hörmətlə yanaşıb, hicablı qızlarımızın təhsil almalarına mane olmayaq.”

 

“Yeni Şərq”

  • Yazılıb
  • da (də) 2010 Nov 23