Mayis Güləliyev: ''Lissabon sammitində qəbul olunmuş qərar, sadəcə Ərdoğan hökumətinin möhkəmlənməsinə xidmət edəcək''
Beynalxalq servsis/Aran agentliyi
NATO sammitini və bu sammitdə qəbul olunmuş qərarları FaktXeber.com-a şərh edən Yaşıllar Partiyasının sədri Mayis Güləliyevin nəzərincə, bu sammitin nəticələri regionda heç bir ciddi dəyişikliyə səbəb olmayacaq. "O məna da ki, hazırda Türkiyə qonşuları ilə yaxşı münasibətdədir. Bu istər İran olsun, istər Suriya olsun, istərsə də Rusiya. Ancaq təəssüf edirəm ki, Ərdoğan hökuməti qonşu ölkələr üçün təhlükə yaradan raket sistemlərinin ölkəsində yerləşdirilməsi üçün NATO-ya belə bir güzəştə getməyə məcbur oldu. Əlbəttə, Türkiyə NATO-dan ciddi şəkildə asılı bir ölkədir. Türkiyə son 10-15 ildə sərbəst siyasət yürütməyə başlayıb. Ondan əvvəlki tarixə baxsaq, Türkiyənin NATO-dan, Amerikadan asılı bir dövlət olduğunu müşahidə edə bilərik. Türkiyənin konstitusiyası, ölkədaxili münasibətləri və qonşuları ilə əlaqələri ABŞ-ın diktəsi ilə həyata keçirilirdi. Ancaq bu gün vəziyyət tamamilə dəyişib və Türkiyə müstəqil siyasət yürütməyə başlayıb. Lakin bu addımlar hələ çox kövrəkdir. Çünki Türkiyə həm enerji, həm təhlükəsizlik, həm də ticari nöqteyi nəzərindən beynəlxalq birlikdən asılı bir ölkə olub.
Lissabon sammitində qəbul olunmuş qərar üçünsə görünür Türkiyəyə NATO ölkələri tərəfindən çox ciddi təzyiqlər olunub. Bəlkə də Türkiyə ümid edir ki, bundan sonra Avropa İttifaqına daxil olmaq istiqamətində müəyyən addımlar atılacaq, ancaq Ərdoğan məndən daha praqmatik siyasətçidir və başa düşür ki, Türkiyəni Avropaya buraxmayacaqlar. Lakin hər halda müəyyən qədər hökumətin möhkəmlənməsinə yardımı olacaq bu qərarın. Çünki son zamanlar baş verən daxili gərginlik Ərdoğan hökumətinin mövqeyini zəiflətmişdi."