Tarix : 2010 Nov 23
Kod 19720

MMDİB-nin hicab qadağasına etiraz bəyanatı

''Milli-Mənəvi Dəyərlər'' İctimai birliyi Misir Mərdanovun qeyd olunan mövqeyini məsuliyyətsiz və düşünülməmiş olduğunu bildirir
Azerbaijan servsi/Aran agentliyi

2010-cu il noyabrın 22-də Azərbaycanın təhsil naziri Misir Mərdanov jurnalistlərlə görüşü zamanı bəyan edib ki, artıq orta və Ali təhsil müəssisələrində nə şagirdlər, nə də müəllimlər hicabla iştirak edə bilməzlər. Bir sözlə, nazir hicablı şagird və müəllimlərin suveren Azərbaycan Respublikasının təhsil sistemindən təcrid edilməsi haqda rəsmi açıqlama verib.

"Milli-Mənəvi Dəyərlər" İctimai birliyi Misir Mərdanovun qeyd olunan mövqeyini məsuliyyətsiz və düşünülməmiş olduğunu bildirir. Bunları əsas tutan MMDİB aşağıdakıları bəyan etməyi zəruri hesab edir.

"Milli-Mənəvi Dəyərlər"
İctimai birliyinin

BƏYANATI
Azərbaycanın müstəqillik qazanmasından sonra 70 il ərzində milli-mənəvi dəyərlərindən təcrid edilmiş xalq yenidən İslama və mənəviyyata üz çevirdi. Şəhərlərdə və kəndlərdə İslamın tələblərinə uyğun olaraq hicab bağlayan ana və bacılarımızın sayı gündən-günə artmağa başladı. Lakin Sovet imperiyasının represiya maşınından qurtulan sıravi vətəndaşlar gözləmədikləri halda digər bir təzyiqlərə məruz qaldılar. Belə ki, zaman-zaman Azərbaycanın müxtəlif profilli təhsil müəssisələrində hicablı xanımların təhsil almaq və əqidə azadlığı hüquqları kobudcasına pozuldu. Bir müddət bu təzyiqlər müəyyən dairələr tərəfindən məktəb direktorlarının, məmurların özbaşnalığı kimi qələmə verildi. Lakin bu gün hamının çoxdan bildiyi və gözəl anladığı həqiqət rəsmi təsdiqini tapdı: hicaba qadağa ən yüksək səviyyədə qoyulub.
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi üzünü hicaba müharibə edən dairələrə və məmurlara tutaraq, tam məsuliyyəti ilə BƏYAN EDİR: siz İSLAMLA müharibəyə qalxmısınız! Özünüzü müsəlman və İslamın təəssübkeşi kimi qələmə vermənizin artıq heç bir əhəmiyyəti yoxdur. Necə deyərlər, "kor-kor, gör-gör". Müsəlmanların müqəddəs kitabı olan "Quran"ın qadınlar üçün vacib buyurduğu hicaba müharibə elan edən müsəlman və İslamsevər sayıla bilərmi?
MMDİB bu rüsvayçı qərarın arxasında duran qüvvələrə müraciət edərək, dərhal mövqelərini dəyişməyə çağırır, bir daha xatırladır ki, Allahla müharibəyə qalxan heç bir qüvvə heç bir vaxt qalib olmayıb, daim məğlub və xar olub. Nə qədər gec deyil, nə qədər xalq, millət sizləri əbədi lənətə layiq görməyib - səhvinizi düzəldin. Bu cür qərarlarla Azərbaycanın inanclı insanlarını və Azərbaycan hökumətini üz-üzə qoymayın. Unutmayın ki, hər bir müsəlman üçün onun əqidəsi və müqəddasatı istənilən qərarlardan və qadağalardan üstündür.
 

  • Yazılıb
  • da (də) 2010 Nov 23