Tarix : 2010 Nov 23
Kod 19737

Azərbaycanda “Xalq parlamenti” ideyası gündəmə gəldi

Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra müxalifət partiyaları ölkədə alternativ “Xalq parlamenti” yaratmaq təklifilə çıxış ediblər
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra müxalifət partiyaları ölkədə alternativ “Xalq parlamenti” yaratmaq təklifilə çıxış ediblər.

Noyabrın 23-də Müsavat partiyasının mərkəzi qərargahında 7 noyabr parlament seçkisinin nəticələrini tanımayan namizədlərin ümumrespublika forumu keçirilib. “AXCP-Müsavat” seçki blokunun təşəbbüsü ilə keçirilən forumda Milli İstiqlal, Klassik Xalq Cəbhəsi, Azadlıq, Demokratik Azərbaycan Dünyası, Azərbaycan Xalq partiyalarının təmsilçiləri və müstəqil namizədlər iştirak ediblər. Forumda parlament seçkiləri, sekçidən sonrakı vəziyyət, saxtalaşdırılmış seçki nəticələrinin ləğv olunması məsələləri müzakirə edilib.

Forumda Müsavat başqanı İsa Qəmbər çıxış edərək bunları söyləyib:

“Hakimiyyətin təşəbbüsü ilə cəmiyyət iki yerə bölünüb. Hakimiyyət, onu müdafiə edənlər və bu hakimiyyətin qəbul etdiyi qüvvələr, digəri isə xalq və bizlərik. Bu gün bura toplaşmaqda məqsədimiz birgə bəyanatla bu seçkilərin nəticələrini qəbul etmədiyimizi, saxta seçkilər nəticəsində seçilmiş parlamenti legitim hesab etmədiyimizi və ciddi dəyişikliklər etmək şərti ilə yeni, azad, ədalətli seçkilər keçirmək tələbimizi təsdiq etməkdir.”

Tədbirdə 100-dən çox namizəd birgə bəyanat imzalayıblar. Sənəddə seçkilərin nəticələrinin ləğvi, azad və ədalətli seçkilər keçirmək üçün demokratik islahatların aparılması, seçki qanunvericiliyinin təkmilləşdirilməsi və yeni seçkilərin keçirilməsi tələb olunur.

Forumda həmçinin Milli Məclisə alternativ qurumun – “Xalq parlamenti”nin yaradılması təklifi səsləndirilib. Lakin analitiklər bu təşəbbüsün qeyri-real olduğu və gerçəkləşə bilməyəcəyini proqnozlaşdırırlar.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Nov 23