Tarix : 2010 Nov 24
Kod 19739

DEVAMM hicab məsələsi ilə bağlı mətbuat konfransı keçirdi

DEVAMM məktəblərdə hicab məsələsi ilə bağlı mətbuat konfransı keçirdi
Azərbaycan servisi/Aran agentliyi

Bəzi orta məktəblərdə hicabla bağlı yaranmış vəziyyətlə bağlı DEVAMM noyabrın 23-də Mətbuat Mərkəzində tədbir keçirmişdir. Bir çox aparıcı media qurumlarının qatıldığı mətbuat konfransında, Bakının bəzi məktəblərində hicablı şagirdlərə məhdudiyyət qoyulması ilə bağlı vəziyyət müzakirə edilmişdir. DEVAMM-ın hicab məsələsi üzrə eksperti Humay Hacıyeva tədbiri giriş sözü ilə açaraq, problemin mahiyyətindən danışdı. O, qeyd etdi ki, hər tədris ili başlayanda, bəzi məktəblərdə direktorlar tərəfindən inancına uyğun olaraq, hicabla dərsə gələn şagirdlərə qarşı ara-sıra diskriminasiya hallarına yol verilir. H.Hacıyeva vurğuladı ki, bu problem hər il olduğu kimi, bu dərs ilinin başlanğıcında da öz həllini tapmışdır. Lakin, nədənsə, bu günlərdə bəzi məktəblərdə hicab problemi yenidən yer almağa başlamışdır.

DEVAMM-ın monitorinq qrupunun üzvü L.Abbasova öz çıxışında məsələnin hüquqi tərəfinə toxundu. O, qeyd etdi ki, ölkə Konstitusiyası, “Təhsil haqqında” qanun bu məsələdə heç bir məhdudiyyət müəyyən etmir, Azərbaycanın qoşulduğu beynəlxalq-hüquqi sənədlər də vicdan azadlığına birmənalı dəstək verir. Bu baxımdan, məktəblərdə hicaba hər hansı məhdudiyyət qoymaq cəhdi – insan haqlarının birmənalı pozulması demək olardı.

DEVAMM sədri Hacı İlqar İbrahimoğlu öz çıxışında bildirdi ki, keçirilən monitorinqlər problemin lokal xarakter daşıdığını, əksər məktəblərdə problemin olmadığını bəlli etmişdir: “Təqribən 10-15 məktəbdə problemin olması barədə siqnallar daxil olmuşdur. DEVAMM bu məsələ ilə bağlı geniş maarifçilik fəaliyyəti aparmaqdadır, hüquqi müstəvidə addımlar atılır. Üzdə olanı odur ki, təhsil naziri cənab Mərdanovun məktəbli forması haqqında dedikləri mətbuat nümayəndələri tərəfindən kontekstdən çıxarıb, bir qədər də qabardılmışdır. Cənab nazir hicaba məhdudiyyətlə bağlı bir şey deməmişdir, sadəcə məktəbli formasına riayət edilməsinin zəruriliyindən danışıb”.

Hacı İlqar ona da diqqət çəkdi ki, Misir Mərdanov 10 ildir məktəblərdə hicaba dəstəklə bağlı prinsipial mövqe sərgiləyir: “Dəfələrlə cənab nazirin öz dilindən hicabın məktəblərdə tam sərbəst olması barədə açıqlamalar səslənmişdir. Bundan əlavə, insan haqları formatında keçirilən görüşlərdə də, cənab Mərdanov məktəblərdə hicabın tam dəstəkləndiyini şəxsən bizə bəyan etmişdir. Təhsil naziri bunun heç bir məktəb direktoru tərəfindən edilə bilinməyəcəyini də vurğulamışdır”.

Hacı İlqar belə bir məhdudiyyətin nə ABŞ-da, nə İngiltərədə, nə Almaniyada, nə İsveçrədə, nə Hollandiyada, nə Norveçdə, İsveşdə, Rusiyada, Pribaltika dövlətlərində, nə də bir çox digər ölkələrdə mövcud olmadığını qeyd etmişdir. O, aparıcı, dünya şöhrətli təhsil ocaqlarına hicab məsələsi ilə bağlı DEVAMM-ın sorğu göndərdiyi zaman, nəinki hər hansı məhdudiyyətdən söhbət getmədiyini, hətta onların bu məsələdən heyrətləndiklərini də bildirmişdir: “Onlar təəccüb edirdilər ki, bu – bir vicdan azadlığının təzahürüdür. Necə ola bilər ki, məhdudlaşdırılsın?!”.

Hacı İlqar ölkəmizin tolerant olması fonunda belə bir problemlərin yaşanmasını da anlaşılmazlıq kimi qiymətləndirmişdir: “Azərbaycan haqlı olaraq tolerant ölkə hesab edilir. Bəs necə olur ki, dini azlıqlara qarşı təzahür edilən tolerantlıq, dini çoxluqda öz əksini tapmır? Dövlətçilik yanaşması belə, bu cür diskriminasiyanı istisna edir”.

Qardaş Türkiyədə də hicab probleminin çözməsi fonunda bizdə hansısa məmurların bu problemi gündəmə gətirmək istəyində bulunmasından təəccübləndiyini bildirən Hacı İlqar, belə reqress səciyyəli addımların heç cür başa düşülə bilinmədiyini vurğulamışdır.

DEVAMM sədri xatırlatdı ki, 2007-ci ildə “Təhsil haqqında” qanuna da hicabın qadağası ilə bağlı müddəa daxil etmək təşəbbüsü olmuşdursa da, sonradan ölkə rəhbərliyinin iradə ifadəsilə bu müddəa tamamilə götürüldü və heç bir qadağa tətbiq edilmədi.

Hacı İlqar bir daha əmin olduğunu bildirdi ki, təhsil nazirinin açıqlamasının hicab məhdudiyyətinə heç bir aidiyyəti yoxdur və sadəcə olaraq, problem kontekstdən çıxarılma ilə bağlıdır. \Deyerler.org\

  • Yazılıb
  • da (də) 2010 Nov 24