Təhsil naziri Misir Mərdanovun məlum açıqlaması ilə bağlı ölkədə kifayət qədər ciddi rezonans doğuran bəyanatlar verilib
Azərbaycan servisi/Aran agentliyi
Təhsil naziri Misir Mərdanovun məlum açıqlaması ilə bağlı ölkədə kifayət qədər ciddi rezonans doğuran açıqlamalar verildi. Və bu gün də eyni tipli açıqlamalar verilməkdədir. Məsələ ilə bağlı Azərbaycan İslam Partiyası da bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən FaktXeber.com-a daxil olan bəyanatda deyilir:
“Müsəlman xanımların ənənəvi geyim formaları, o cümlədən hicab onların həm mənəvi , həm də konstitusion haqqları və 95 faizi müsəlman olan azərbaycan xalqı tərəfindən qəbul olunan təqdiredici məsələdir. Bir xalqa, onun övladlarına bu kimi ağlasığmaz qadağa heç bir xoş niyyətə xidmət etmir. Cəmiyyət bunu antibəşəri, ölkədaxili pozuculuq fəaliyyəti kimi qiymətləndirir. Dini azadlıq, tolerantlıq keyfiyyətlərinin mövcud olmasına iddialı olan bir dövlətdə hər hansı bir məmur və ya nazirin anti-İslam, anti-müsəlman addımı və həm də bu addımın minlərlə insanın, vətəndaşın təhsildən, işdən kənarlaşdırılması yolverilməzdir, qanunaziddir.
Müstəqil bir ölkənin vətəndaşlarına qarşı təhsil qadağası nəinki cəmiyyətin inkişafına, gələcəyinə ağır zərbə, eyni zamanda xalqımızın düşmənlərini sevindirən, onun istəyinə cavab verən addım qədər zərərli cəhd kimi qiymətləndirilməlidir. Bu, həm də islam dünyasına, müsəlman aləminə hörmətsizlik və etinasızlıqdır.”