Tarix : 2010 Nov 26
Kod 19754

Qədir-Xum – “Vilayət” günəşinin doğduğu tarixi gün

.
Azerbaijan servsi/Aran agentliyi

İslam tarixinin müxtəlif dövrlərində müsəlmanların sonrakı həyatına, fəaliyyətinə təsir edəcək dönüş nöqtələri mövcuddur. Belə tarixi dönüş nöqtələrindən birini də, Qədir-Xum hadisəsidir. Həmin gün sevimli Peyğəmbərimiz Həzrət Məhəmməd (s) İlahi göstərişlə müsəlmanların sonrakı taleyini müəyyən edəcək, bütün İslam dünyasında öz əks-sədasını tapacaq tarixi bir addım atdı. O, özündən sonra müsəlmanlara rəhbər, İslam dininin keşiyində dayanacaq ləyaqətli imam təyin etdi.

 

Vida həcci

 

Hicrətin 10-cu ili, Zilhiccə ayının 18-si İlahi ayinləri yerinə yetirib Həcc ziyarətini başa vuran Həzrət Peyğəmbər (s) Mədinəyə qayıdırdı. Bu ilin Həcc ziyarəti sevimli Peyğəmbərimizin (s.ə.s) son Həcc səfəri idi. Bu mərasim sonralar tarixə “Vida Həcci” kimi düşdü. Maraqlıdır, bəs görəsən bu Həcc ziyarətinin tarixi əhəmiyyəti nədən ibarət idi?! Zilhiccə ayının 18-i bazar günü Cövhə məntəqəsinin yaxınlığında yerləşən Xum adlı yerə yetişdikdə mələk Cəbrayıl Allahın buyruğu ilə Peyğəmbərə (s) Maidə surəsinin 67-ci ayəsini nazil etdi: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanı təbliğ et! Əgər bunu etməsən, Allahın risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz”.

Ayə nazil olduqdan sonra Həzrət Peyğəmbər karvanın saxlanılması göstərişini verdi. Təxmini sayı yüz mini keçən müsəlmanlar bir yerə toplaşdı. Hamı bir-birindən nə hadisə baş verdiyini soruşur, bu qızmar günəş altında dayandıqlarının səbəbini öyrənməyə tələsirdi. Peyğəmbərlə (s) birgə camaat namazı qılındı.

 

Tarixi xütbə

 

Namazdan sonra Peyğəmbər (s) dəvələrin yəhərlərindən minbər quraraq bu xütbəni oxumağa başladı:

“Həmd və səna Allaha məxsusdur. Ondan kömək istəyir, Ona iman bəsləyir, Ona təvəkkül edir və layiqsiz əməllərdən pənah aparırıq. Allahdan başqa hidayət edib düz yol göstərən yoxdur. Allah hidayət edən şəxsi heç kəs yolundan azdıra bilməz. Şəhadət verirəm ki, Ondan başqa məbud yoxdur və Məhəmməd Onun rəsulu və elçisidir.

Camaat! Agah olun! Haqqın dəvətini qəbul edib, tezliklə sizlərdən ayrılmağımın vaxtı yaxınlaşmışdır. Mən və sizlər məsuliyyət daşıyırıq…

Allahdan başqa heç bir məbudun olmamasına və Məhəmmədin Onun bəndəsi və elçisi olduğuna şəhadət verirsinizmi? Habelə, Cənnət və Cəhənnəmin, ölümün haqq olduğuna, Qiyamət gününə heç bir şübhə olmamasına və Allah-Təalanın ölüləri diriltməsinə şəhadət verirsinizmi?” Səhabələr bir ağızdan dilləndilər: “Bəli, şəhadət veririk!” Həzrət Peyğəmbər (s) buyurdu: “İlahi, Sən Özün şahid ol! Həqiqətən, mən axirət aləminə köçməkdə və hovuzun kənarına çatmaqda sizləri qabaqlayıram. Hovuzun kənarında yanıma gələcəksiniz. Mən sizlər üçün qiymətli olan iki ağır əmanət qoyub gedirəm. Fikirləşin və diqqətli olun. Məndən sonra bu əmanətlə necə rəftar edəcəksiniz? Bunlardan birincisi Allahın kitabı olan Quran, ikincisi isə itrətim olan pak Əhli-beytimdir. Mehriban Allah məni xəbərdar edib ki, bu iki əmanət Kövsər hovuzunun kənarında mənə qovuşmayınca, bir-birindən ayrılmayacaqlar. Mən bunu Allahımdan istəmişəm. Quran və itrətimdən qabağa keçsəniz, yaxud geri qalsanız həlak olarsınız!”.

 

Seçilən

 

Bu sözlərdən sonra Peyğəmbər (s) Həzrət Əlinin (ə) əlindən tutub yuxarı qaldırdı və buyurdu: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Ey Allahım! Hər kim onunla dost olsa, Sən də onunla dost ol. Hər kim onunla düşmən olsa, Sən də onunla düşmən ol!”

Bu məqamda bir nüansa toxunmaq istərdik. Bəzilərinə görə, bu xütbədə Peyğəmbərimizin (s) istifadə etdiyi “mövla” kəlməsinin lüğəvi mənalarından biri də sevən, dost mənası olduğundan, Peyğəmbərin (s) bu sözləri söyləməkdə məqsədi “Kim məni sevirsə, Əlini də sevsin” fikrini çatdırmaq olmuşdur. Lakin əvvəldə qeyd etdiyimiz kimi, həmin gün hava çox isti idi. Zəvvarlar yorğun vəziyyətdə öz evlərinə tələsirdilər. İnsanlara qarşı xüsusi mərhəməti ilə seçilən Peyğəmbərimiz (s) necə ola bilərdi ki, müsəlmanları günorta çağı, isti havada sadəcə “Kim məni sevirsə, Əlini də sevsin” demək üçün toplasın? Üstəlik, səhabələrə bərk-bərk tapşırsın ki, “burada olanlar bu sözləri burada olmayanlara da çatdırsınlar!”.

Digər tərəfdən, Peyğəmbərimiz (s) bu xütbədə “Mən möminlərə onların özlərindən daha haqlı deyiləmmi?” (yəni, mənim onlar üzərində haqqım özlərindən daha artıq deyilmi) cümləsini “mövla” kəlməsi ilə birlikdə istifadə etmişdir. Bu isə onu göstərir ki, “mövla” kəlməsi məhz ümmətə rəhbərlik – “vilayət” mənasını verir.

Sevimli Peyğəmbərimizin (s) sözlərindən sonra mələk Cəbrail (ə) enərək Allah tərəfindən Maidə surəsinin 3-cü ayəsini nazil etdi:

“Bu gün dininizi kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim”.

Ayə nazil olduqdan sonra Həzrət Peyğəmbər (s) buyurdu: “Allahu Əkbər! Din kamilləşdi, nemətlər tamamlandı, Allah-Təalanın risalətimə və məndən sonra Əlinin vəsi olmasına sevindiyinə görə Ona şükür edirəm!..”.

 

Elşən Mustafaoğlu

  • Yazılıb
  • da (də) 2010 Nov 26