Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərin Azərbaycan sektorunda nəhəng qaz yatağının aşkarlandığını bəyan edib
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərin Azərbaycan sektorunda nəhəng qaz yatağının aşkarlandığını bəyan edib. Bu haqda məlumatı ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlayıb. O, “Ümid” adlı bu yatağın “Şah Dəniz”dən sonra Azərbaycanın müstəqillik dövründə tapılmış ikinci nəhəng qaz yatağı olduğunu bildirib.
Bu arada informasiya agentlikləri İranda yeni nəhəng neft yatağının aşkarlandığı haqda məlumat yayıb. İranın dövlət neft şirkəti olan “Pars Oil and Gas Company” ölkənin Fars körfəzi yaxınlığında yeni iri neft yatağının aşkarlandığı barədə məlumat yayıb.
Şirkətin direktoru Əli Vəkili bildirib ki, “Firdovsi” yatağında olan neftin təxmini ümumi həcmi 34 milyard barreli ötür. Hazırda yatağın ümumi həcmi dəqiqləşdirilir.
Vəkilinin dedikləri özünü doğrultsa, İslam Respublikasının kəşf olunmuş yataqlardakı neft ehtiyatı 150 milyard barreli ötəcək.
Qeyd edək ki, İranda gündəlik neft hasilatı 3,8 milyon barreldir.
Əli Vəkili həmçinin 20 milyard kubmetr qaz ehtiyatına malik yeni yatağın tapıldığını da bildirilib.
“Aran” İA