Noyabr ayının 25-də Hicab məsələsi üzrə 3-cü Forum geniş tərkibdə toplanmışdır. 800-ə yaxın inanclı xanım, bir sıra məktəblərdə yer alan hicabla bağlı məhdudiyyətlərdən narahatlıqlarını ifadə etmişlər
Azerbaijan servsi/Aran agentliyi
Noyabr ayının 25-də Hicab məsələsi üzrə 3-cü Forum geniş tərkibdə toplanmışdır. 800-ə yaxın inanclı xanım, bir sıra məktəblərdə yer alan hicabla bağlı məhdudiyyətlərdən narahatlıqlarını ifadə etmişlər. Tədbiri giriş sözü ilə açan Forumun koordinatoru H.Hacıyeva, məsələnin mahiyyətini toplaşanların diqqətinə çatdırdı. Qanunvericilikdə və o cümlədən, “Təhsil haqqında” qanunda heç bir məhdudiyyətin olmamasına baxmayaraq, bir sıra məktəb direktoru, vahid məktəbli formasında olmaq tələbini bəhanə edərək, hicablı şagirdləri dərsə buraxmırlar. Halbuki, həmin şagirdlər məktəbli formasındadırlar, sadəcə, etiqadlarına uyğun olaraq, yaylıq bağlayırlar. Şagirdlərin hicabla dərsə gəlməklərinə məhdudiyyət qoyulması – insan haqlarının pozulması deməkdir.
DEVAMM-ın Monitorinq qrupunun üzvü L.Abbasova, hicaba yönəli hər hansı məhdudiyyətin ölkə Konstitusiyasına, insan haqları ilə bağlı qanunvericilikdə təsbit edilmiş müddəalara zidd olmasına diqqət çəkdi.
DEVAMM sədri Hacı İlqar İbrahimoğlu öz çıxışında baş verənləri təhlil etmiş, baş verənlərin mahiyyətini toplantı iştirakçılarının diqqətinə çatdırmışdır. DEVAMM sədri, problemin həlli ilə bağlı hüquq müdafiə müstəvisində həyata keçirilməli olan tədbirlər barədə danışmışdır.
Forum iştirakçıları atılacaq konkret addımlar barədə qərarlar qəbul etmiş, problemlə bağlı müraciətlər qəbul etmişlər. Dövlət başçısına, Heydər Əliyev Fondunun prezidentinə, Qafqaz Müsəlmanları İdarəsinin sədrinə, İnsan Haqları üzrə Müvəkkilə müraciətlər qəbul edilmişdir.