Ölkədəki hicab problemi hələ də həll edilməməkdədir. Bəzi məktəblərə hicablı tələbələr buraxılmır, bəzi məktəblərdə isə hicablı şagirdlərə xəbərdarlıq edilir
Azerbaijan servsi/Aran agentliyi
Ölkədəki hicab problemi hələ də həll edilməməkdədir. Bəzi məktəblərə hicablı tələbələr buraxılmır, bəzi məktəblərdə isə hicablı şagirdlərə xəbərdarlıq edilir.
Bu mövzu ilə bağlı İslam-Azeri.az internet qəzeti “Fəzilət” Partiyasının sədri Hacı Gündüz Hacıyevdən münasibət öyrənib.
O bu problemdən narahatçılığını dilə gətirərək deyib: “Çox təəssüf ki, Azərbaycanda İslama qarşı qərəzli münasibət davam edir. Bu münasibətin bütövlükdə Azərbaycan dövlətçiliyinə, ölkədə xalqın vəhdətinə və birliyinə xidmət etmədiyi gün kimi aydındır. Lakin çox təəssüf ki, hökümətdə təmsil olunan bəzi siyasətçilər, özlərinin ölçülməmiş-biçilməmiş siyasətlərini davam etdirirlər. Lakin görürük ki, xalqın və ictimaiyyətin buna etirazı ortadadır. Əlbəttə ki, hökümətdə təmsil olunan bu qüvvələr özlərinin dünya görüşündən, hakimiyyətdə olmalarından istifadə etməməlidirlər. Onlar xalqın keçmişinə, bu gününə və gələcəyinə baxıb qərar verməlidirlər”.
Sovet İmperiyasını yada salan Hacı Gündüz o zamanki qadağa və məhdudiyyətlərin indi də təkrarlanmasına işarə edərək deyib: “Keçmişdə Azərbaycan xalqı bundan çox əziyyət çəkib . Biz Sovet İmperiyası tərəfindən güclü zərbələr almışıq. Bu zərbələr dinimizə, milli-mənəvi dəylərimizə, tariximizə qarşı yönəlmişdi. Buna görə də biz deyirik ki, biz Sovet İmperiyasının əsarəti altında olmuşuq. Biz adət-ənənəmizi, milli və mənəvi dəyərlərimizə bağlı işləri görə bilmirdik. Çünki bizə güclü nəzarət var idi. Onlar istədikləri kimi hərəkət edirdilər. Ancaq siyasi coğrafi baxımdan müstəqil olandan sonra biz bunları bərpa etməli, Sovet İmperiyasının məhdudiyyətlərindən yaxa qurtarmalıydıq. Müstəqillik vasitədir, məqsəd isə, tariximiz, milli-mənəvi dəylərimiz, dinimizdir. Əgər bu şeylər bərpa olunmayacaqsa, həmən dövlətin siyasi coğrafi müstəqilliyinə heç bir ehtiyac qalmayacaq. Əgər Sovet İmperiyasının vaxtındakı qadağalar və məhdudiyyətlər indi bizim müstəqil dövlətimizdə tədbiq olunursa, onda o imperiya ilə bu dövlətin nə fərqi var?".
Gənclərimizi Qərbin ideologiyası ilə deyil, öz xalqımızın tarixi və dininə uyğun formalaşdırmağın vacib olmasını diqqətə gətirən “Fəzilət” Partiyasının sədri sözlərini belə davam edib: “Biz milli-mənəvi dəyərlərimizə qayıdaraq gəncliyimizi formalaşdırmalıyıq. Belə olan təqdirdə ancaq biz xalqımızın ruhiyyəsində xarici düşmənlərə qarşı müqavimət hissi yarada bilərik”.
Qərbin müsəlmanlara qarşı olan təzyiqlərinin səbəbini onları İslami dəyərlərdən uzaqlaşdırmaq və müqavimət hissini öldürmək olduğunu hesab edən Hacı Gündüz deyib: “Onların ideologiyası dünyanın mənəviyyatsızlaşdırmaqdır. Bu xüsusilə İslam ölkələrində baş verir. Çox təəssüf ki. Bu kimi hallar Azərbaycanda da baş verir. Bunun arxasında duranlar, heç də dövlətçiliyimzin və xalqımızın maraqlarına xidmət etmir. Əksinə bu addımlar onun zəiflənməsinə gətirib çıxarır”.
Hər kəsin bu qadağaya etirazını normal hesab edən “Fəzilət” Partiyasının sədri sonda deyib: “Bu məsələlərdə süstlük etmək düzgün deyil. Hər bir kəs bu məsələyə münasibət bildirməlidir. Etirazlar müxtəlif ola bilər. Hətta etiraz aksiyaları da onların konstutusiyada təsbit edilmiş haqqıdır ki, bundan istifadə edə bilərlər. İmza toplayıb, prezidentə və yuxarı instansiyalara göndərilməlidir. Hər bir kəs bir iş görməli və bu qadağanın aradan aparılmasına səy göstərməlidir”.