Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeron rayonundakı daş karxanasında baş vermiş uçqunla bağlı məlumat yayıb
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeron rayonundakı daş karxanasında baş vermiş uçqunla bağlı məlumat yayıb.
Məlumata görə, Abşeron rayonu, Daş Güzdək kəndində yerləşən "GÜNAY" firmasına məxsus yük avtomobillərinin və yaxınlıqdakı karxanalarda istifadə olunan texniki vasitələrin təmiri sexində uçqun hadisəsinin baş verməsi barədə nazirliyə məlumat daxil olub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, sexdə təmirə dayanmış "KamAz" markalı yük avtomobilinin kuzovu endirilmədən hərəkətə gətirilməsi sexin beton konstruksiyalarının uçmasına səbəb olub. Nəticədə sex işçiləri Yengibar Əlixan oğlu Ömərov və Rəhilə Məhərrəm qızı Tağıyeva dağıntılar altında qalaraq həlak olub. Avtomobilin sürücüsü isə yaralanıb.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə Rəhilə Tağıyevanın və Yengibar Ömərovun cəsədlərini dağıntılar altından çıxarıblar. Yaralıya isə hadisə yerində ilkin tibbi yardım göstərilib.
“Aran” İA