dekabr ayının ilk günü ''Yeni Müsavat'' qəzetinin əməkdaşları, ''Dalğa'' hərəkatının üzvləri və qəzetin oxucuları Yasamal rayon Məhkəməsinin qarşısında piket keçiriblər
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, dekabr ayının ilk günü "Yeni Müsavat" qəzetinin əməkdaşları, "Dalğa" hərəkatının üzvləri və qəzetin oxucuları Yasamal rayon Məhkəməsinin qarşısında piket keçiriblər. Piket nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun "Azadlıq" və "Yeni Müsavat" qəzetlərini məhkəməyə verməsinə və böyük məbləğdə təzminat tələb etməsinə qarşı etiraz xarakteri daşıyıb.
“Yeni Müsavat” əməkdaşlarının verdiyi xəbərə görə, "Əlinizi ayılardan və qəzetlərdən çəkin!!!" "Ayıya 1 milyon. pensionerə 100 manat?", "Jurnalistləri iş yerini bağlatdıran nazirə ar olsun!" və sair şüarlar və müvafiq transparantlar altında keçirilən aksiyaya polis müdaxiləsi olmayıb. Aksiya ətrafda toplaşanların marağına səbəb olub. Kənarda dayanan adamlar jurnalistlərə dəstək verdiklərini qeyd ediblər.
Daha sonra jurnalistlər məhkəmə binasına daxil olublar. Bu zaman onların zala diktafon və fotoaparat keçirilməsinə icazə verilməyib.
Məhkəmə iclası başlandıqda isə mühafizəçilər jurnalistləri məhkəmə salonundan zorla çıxarmağa başlayıblar. Qəzet bildirir ki, hakimin cığallıq etdiyini və məhkəmənin qapalı keçiriləcəyini görən jurnalistlər etiraz ediblər, ancaq məhkəmə sədarəti onları zaldan çıxartdırıb.
“Aran” İA