Mayis Güləliyev: ''Bu cür materiallar uzun müddətdir formalaşdırılmış brendlər hesabına yayılır
Azerbaijan servsi/Aran agentliyi
Hər zaman belə olub. Qərb dövlətləri, xüsusilə Amerika Birləşmiş Ştatları hansısa bir regionda öz planını həyata keçirməzdən əvvəl, həmin region barədə dünya ictimaiyyətində dezinformasiyalar yayıb. Bu dəfə də ABŞ belə bir plana baş vurdu. Və planın həyata keçrilməsinə bir neçə ay öncədən Wikileaks adlanan saytla start verildi. İlk öncə ABŞ-ın İraq və Əfqanıstan işğallarını gündəmə gətirən sözügedən sayt, indi də regiondakı ölkələri bir-biri ilə qarşıdurmaya sürükləyir ki, bu ölkələr içində Azərbaycan da var. Sözügedən saytın açıqlamaları ilə bağlı məsələləri FaktXeber.com-a şərh edən Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev maraqlı fikirlər səsləndirdi.
- Mayis bəy, son günlər Wikileaks saytının açıqlamaları dünya gündəmini məşğul edib. Bu saytın əvvəl İraq və Əfqanıstanla bağlı müəyyən həqiqətləri əks etdirməsinə baxmayaraq, son açıqlamaları heç də birmənalı qarşılanmayıb.
- Bu saytın özü təxribatçı bir proyektdir. Yəni orada guya sənədlərin üzə çıxarılması və yayılmasıyla əlaqədar işlər görülüb. Ancaq bu əslində ABŞ siyasətinə xidmətdir. Və bir növ regionda aranı qızışdırmaq, münasibətləri gərginləşdirmək, sinirləri yoxlamaq üçün, hesablanmış addımdır. Əlbəttə, onun Əfqanıstanla, İraqla bağlı dərc etdiyi gizli sənədlər ki vardı, bunlar əhəmiyyətli idi, ancaq ictimaiyyət bu məlumatlardan illər əvvəl xəbərdar idi. İctimaiyyət bilirdi ki, Əfqanıstanda, İraqda mülki şəxslərə qarşı koalisiya qüvvələri vəhşiliklər törədiblər, terror xarakterli fəaliyyətlər ediblər, əsirlərə qarşı qəddarcasına davranıblar. Bu məlumatlardan hamı xəbərdar idi, sadəcə Qərbyönlü mətbuat bunu işıqlandırmırdı. Əlbəttə, siyasətdə trivial məlumatlardan istifadə etməklə şüurların ələ alınması metodu var. Wikileaks da bu üsula müraciət edib. Ki, bu da sözügedən məlumatların uzun müddət nəzarətdə saxlanılaraq, vaxtı çatanda özləri tərəfindən gündəmə gətirilməsindən ibarətdir. Məsələn belə bir şey ki, ABŞ, İsrail, İngiltərə dövlət səviyyəsində terror həyata keçirir. Bunu onsuz da əksəriyyət bilir. Lakin bütün bunun kökünü axtarmaq, işıq üzünə çıxarmaq, bunun yerli hökumətlərə siyasi, iqtisadi baxımdan hansı təsirləri olduğunu axtarmaq bir qədər ciddi məsələdir. Trivial həqiqətləri söyləmək elə də çətin deyil, əksinə belə həqiqətləri deməklə bəzi təşkilatlar, o cümlədən Wikileaks məhz həqiqət üzərində monopoliyanı həyata keçirmiş olur. Hesab edirəm ki, bu gün Yaxın Şərq barədə söylənilənlər təxribat xarakterlidir. Və bir növ regionu gərgin vəziyyətdə saxlamaq üçün atılmış bir addımdır.
Düzdür, ABŞ Yaxın Şərqi ələ keçirmək üçün müharibə vəziyyətindən istifadə edə bilər, amma hesablamalar göstərir ki, bu addım atılarsa Amerikanın özünə kifayət qədər ciddi başağrısı yaranacaq. Çünki sözügedən dövlətin hava və quru qüvvələri Yaxın Şərqdə uzunmüddətli müharibə aparmaq qüdrətində deyil.
O ki qaldı qonşu dövlətlərin münasibətlərini pozmaq cəhdlərinə, əlbəttə buna ona görə əl atırlar ki, həmin dövlətlərin daxildən parçalanmasına nail olsunlar. Bunda isə məqsəd ABŞ qüvvələrinin itkilərini minimuma endirmək, maliyyə resurslarını qorumaqdır. Artıq neçə yüz illərdir Böyük Britaniya krallığı bu cür üsullardan istifadə edir. Və indi də ABŞ eyni yolu gedir.
Azərbaycan-İran, Azərbaycan-Türkiyə, Türkiyə-İran, İran-Ərəb ölkələri, Türkiyə-Ərəb ölkələri qarşıdurmasını yaratmaq cəhdləri də Yaxın Şərqdə stabilliyə təhlükə yaradaraq, öz siyasətlərini həyata keçirməkdir. Hazırda ABŞ-ın qarşısındakı əsas vəzifələrdən biri budur. Wikileaks də hazırda bu istiqamətdə məlumatlar açıqlayır. Və açıqlanan məlumatlarda elə üsuldan istifadə olunub ki, adı çəkilən dövlətlər özlərini müdafiə edə bilməsin və gərginliyə düşsün. Baş verən gərginlik isə cəmiyyətin ayağa qalxması və daxildən parçalanmanın başlanğıcı ola bilər.
- Mayis bəy, Wikileaksın açıqlamalarında Azərbaycanla təkbətək keçirilən görüşlər barədə də müəyyən açıqlamalar var. Mümkündürmü ki, bu cür görüşlərdə edilən qapalı söhbətlər kiminsə əlinə keçsin?
- Həqiqətən elə bir danışığı ələ keçirmək mümkün olubsa, bu o deməkdir ki, danışıqlar MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi – red.) vasitəsiylə əli keçirilib. Çünki bu cür işi ancaq sözügedən idarə edə bilər, nəinki Wikileaks kimi hansısa adi bir sayt. Düzdür bu sayt maddi cəhətdən kifayət qədər güclü təmin oluna bilər, amma qapalı görüşləri dinləmək texnologiyasını onlar əldə edə bilməzlər. Bu ancaq xüsusi xidmət orqanlarına aid bir məsələdir. Dolayısıyla demək mümkündür ki, sözügedən sayt MKİ-ə xidmət edir və ABŞ-ın xarici siyasətinin bir parçasıdır.
- Onda belə çıxır ki, Uilam Börnslə İlham Əliyevin qapalı görüşündə edilən söhbətlərin açıqlanması iki qonşu dövlət – Azərbaycan və Türkiyənin münasibətlərinin pozulmasına hesablanıb?
- Bəli. Mən mütəmadi olaraq o saytın materiallarını izləyirəm. Və belə qənaətə gəlmişəm ki, sözügedən saytın materiallarının böyük əksəriyyəti məntiqə əsaslanaraq hazırlanıb. Yəni sırf sənədlərə əsaslanmır. Digər bir hissəsi isə trivial həqiqətdir ki, böyük əksəriyyətə məlumdur və onun üçün sənəd tələb olunmur. Üçüncü hissə isə təxribat xarakterli məlumatlardır ki, bu da qonşu dövlətlərin və ya region ölkələrinin münasibətlərinin pozulmasına hesablanıb. Azərbaycan-Türkiyə, Azərbaycan-İran münasibətlərini pozacaq şəkildə məlumatların o saytda yerləşdirilməsi də məhz üçüncü bölməyə aiddir. Onlar bu cür materialları uzun müddətdir formalaşdırılmış brendləri hesabına yayırlar. Mən yenə də təkrar edirəm ki, onların Azərbaycan barədə məlumatları təxribat xarakterlidir. Çünki regionda qarşıdurmaları artırmaq, qonşu dövlətlərin münasibətlərini korlamaq üçün - hansı ki, belə korlanma Amerikanın xarici siyasətinə xidmət edir, regionla əməkdaşlıq Amerikanın Qafqaz siyasətinə uyğun deyil - regionda əməkdaşlığın iflasa uğradılması üçün Amerika sözün həqiqi mənasında dəridən-qabıqdan çıxır.
- Demək Astana Sammiti ərəfəsində belə bir məlumatın dövriyyəyə buraxılması, Amerikanın Qafqaz siyasətinin kilid nöqtəsi olan Qarabağ münaqişəsinin açarının Türkiyə-Rusiya cütlüyünün əlinə keçməməsi üçündür?
- Bəli, Qərb Qarabağ probleminin həllində maraqlı deyil. Bu problemin həlli region ölkələrindən asılıdır. Çünki heç bir region ölkəsi istəməz ki, onun sərhədləri yaxınlığında belə bir münaqişə olsun və bu münaqişədən istifadə edərək BMT-nin, Amerikanın qüvvələri regiona yeridilsin.