Tarix : 2010 Dec 03
Kod 19907

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi artıb

Statistikaya görə, Azərbaycanın əsas xarici ticarət partnyorları Avropa, İsrail və ABŞ-dır
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasında qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 143 ölkəsindəki tərəfdaşları ilə 22,5 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıblar.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, bu müddət ərzində xarici ticarət dövriyyəsinin 17,4 milyard dollarını Azərbaycan Respublikasından ixrac olunmuş mallar, 5,1 milyard dollarını isə ölkəyə idxal edilmiş məhsullar təşkil edib.

2009-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 36,2 faiz, o cümlədən ixrac 50,2 faiz, idxal 3,6 faiz artıb.

Hesabat dövründə ixracın idxalı 3,4 dəfə üstələməsi nəticəsində 12,3 milyard dollarlıq xarici ticarət saldosu yaranıb. İdxal-ixrac əməliyyatlarının 57,2 faizi Avropa, 32,2 faizi Asiya, 9,3 faizi Amerika, 1,1 faizi Afrika qitəsi ölkələrinin, 0,2 faizi isə Okeaniyanın payına düşüb.

Xarici ticarət əməliyyatlarının 24,8 faizi İtaliya, 7,9 faizi Fransa, 6,7 faizi İsrail, 6,7 faizi Amerika Birləşmiş Ştatları, 6,5 faizi Rusiya Federasiyası, 4,9 faizi Ukrayna, 3,5 faizi İndoneziya, 3,3 faizi Türkiyə, 3,0 faizi Xorvatiya, 3,0 faizi Çin, 2,7 faizi Malayziya, 2,0 faizi Almaniya, hər birində 1,6 faiz olmaqla Gürcüstan, Sinqapur, Koreya Respublikası, qalan 20,2 faizi digər dövlətlərlə aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının ən yaxın qonşusu olan İranla xarici ticarət əməliyyatları adı şəkilən ölkələrdən az olduğundan, o, “digər ölkələr” sırasında yer alıb.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Dec 03