Tarix : 2010 Dec 03
Kod 19909

Brayzanın səfir təyin edilməsi dalana dirənib

ABŞ-ın Azərbaycan Respublikasına səfirinin Senatda təsdiqlənməsi “Şükran” bayramından sonraya nəzərdə tutulsa da...
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, ABŞ-ın Azərbaycan Respublikasına səfirinin Senatda təsdiqlənməsi “Şükran” bayramından sonraya nəzərdə tutulsa da, Amerikanın Bakıdakı səfirliyindən bununla bağlı hələ də hər hansı məlumata malik olmadıqlarını bildirirlər.

Bu vəzifəyə əsas namizəd, ATƏT- in Minsk qrupunun sabiq həmsədri Metyu Brayzanın təyinatı istiqamətində gedən proseslərə nəzər salanda, məsələnin ciddi şəkildə dalana tıxandığı məlum olur.

Belə ki, ABŞ-ın Azərbaycandakı sonuncu səfirinin səlahiyyət müddətinin bitməsindən təxminən 1 il sonra prezident Barak Obama cari ilin may ayında Metyu Brayzanın ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini təklif edib. O zamandan indiyədək səfirin təsdiqlənməsi hələ də gerçəkləşməyib. Üstəlik, məsələ ətrafında təzadlı fikirlər yayılır.

Namizədin təsdiq olunması üçün prezidentin təklifi Senatda səsə qoyularaq reallaşmalı idi ki, iyulun 22-də Xarici Əlaqələr Komitəsində dinləmələrdə ona ünvanlanan suallardan, eləcə də ermənipərəst konqresmenlərin dəridən qabıqdan çıxmalarından Metyu Brayzanın təyinatının heç də asan olmayacağı göründü. Gərgin keçən dinləmələrdən sonra nəhayət ki, avqustun 3-ə Senatın Xarici Əlaqələr Komitəsində Metyu Brayzanın təyinatı ilə bağlı Amerikanın erməni lobbisinin geniş kampaniyası ilə müşayiət olunan səsvermə təyin olundu.

Metyu Brayzanın Azərbaycana səfir təyin edilməsi ABŞ-ın prioritetlərindən olan Cənubi Qafqaz siyasətində mühüm əhəmiyyət kəsb etdiyinə görə, səsvermənin müsbət nəticələnəcəyi gözlənilirdi. Onun həm regiona daha yaxşı bələd olması, həm enerji məsələsi, həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həmsədr kimi fəaliyyəti namizədliyinin alternativsizliyini təmin etməklə yanaşı, Ağ evin bu məsələlərə verdiyi önəm baxımından da gözlənilən idi.

Lakin senator Barbara Bokserin tələbi əsasında səsvermə təxirə salındı. Onun erməni lobbisi ilə sıx işbirliyi haqda məlumatlar yayılır. ABŞ-dakı erməni diasporu Brayzanın türkiyəli xanımı Zeyno Baranın rəhbəri olduğu Hutson İnstitutu Avrasiya Araşdırmalar Mərkəzinin Birləşmiş Ştatların enerji korporasiyalarının Azərbaycandakı fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər hesabına maliyyələşdiyini iddia etməklə yanaşı qeyd edirdi ki, Minsk qrupuna həmsədr olduğu dövrdə Dağlıq Qarabağa Amerikanın yardımlarının azalmasında da Brayzanın rolu olub.

Beləliklə, bir neçə təxirəsalmadan sonra növbəti səsvermə sentyabra təsadüf etdi. Bu dəfə Xarici Əlaqələr Komitəsi Brayzanın namizədliyini təsdiqləsə də, senator Barbara Bokser veto hüququndan istifadə edərək növbəti dəfə sabiq həmsədrin səfir təyinatının qarşısını ala bildi.

Bundan sonra onun namizədliyinin ABŞ Senatı tərəfindən təsdiqlənməsi mərhələsinə start verildi ki, oktyabrın 5-də Senatın iclasının gündəliyinə onun adı salınmadı. Beləliklə də, hələ də ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyi başsız qalmaqda davam edir.

 

 

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Dec 03