İmam Cümə birinci xütbəsinin ilk mövzusunu bir insanın digər insanların barəsində düşünməsinə, dərd çəkməsinə həsr edib
Azerbaijan servsi/Aran agentliyi
Bu gün "Məşhədi Dadaş" məscidinin Cümə namazının xətibliyini Hacı Şahin Həsənli icra edib.
İslam-Azeri.Az internet qəzetinin xüsusi müxbirinin verdiyi məlumata görə, o, özünü və namaz iştirakçılarını əvvəlcə ilahi təqvaya riayət etməyə dəvət edib.
İmam Cümə birinci xütbəsinin ilk mövzusunu bir insanın digər insanların barəsində düşünməsinə, dərd çəkməsinə həsr edib. Xətib deyib: “İnsanların qiymətini, dəyərini bir neçə şeylə müəyyən etmək olar. Onlardan biri də, insanın nə barədə dərd çəkməsidir. Heyvanlar dərd çəkmir, çünkü onlarda bu xüsusiyyət yoxdur. İnsanlarda agahlıq olmayanda dərd çəkmir. Bu da balaca insanların göstəricisidir. Ancaq böyük insanların böyük dərdləri olur. Böyük insanlar dünya haqqında dərd çəkməzlər. Onlar insanların rifahı haqqında düşünər və dərd çəkərlər. İmam Əli (ə) bir gün Kumeyl adında səhabəsini səhraya apardı. Onunla orada öz dərdlərini bölüşdü. İmam buyurdu ki, "tutumu az qəlblər çoxdur. Ona görə dərdimi onlara söyləyə bilmirəm”.
İmam Cümə İmam Huseyn (ə)-ın Əbəlfəzlin (ə) başı üstündə dediyi sözlərə işarə edərək deyib: “İmam Huseyn Əbəlfəzlə deyir ki, "düşmən məni öldürməsə mən şam namazına kimi sağ çıxmaram". Bu o demək deyil ki, İmam Huseyn (ə) sırf qardaşlıq hissinə görə deyir. Bu da var. Amma İmam agah idi. Bilirdi ki, Əbəlfəzl Abbas kimdir. Onun məqamı Allah yanında nədir. Oğlu ölən ana da deyir, "səndən sonra bu həyatı neynirəm?", İmam Huseynin oğluna deməsilə, ananın oğluna deməsi arasında fərq var. Çünk İmam Huseyn bilir ki, oğlu, İslam Peyğəmbərinə daha çox oxşayan Əli Əkbərin şəhadətiylə, Allahın Rəhməti dünyadan azalır. Bundan narahat idi İmam Huseyn (ə)”.
“İmam Əli (ə) ləziz yeməklər yeməzdi. Bu o demək deyildi ki, onun imkanı yox idi və belə etmirdi. İmam Əli (ə) Yəməndə və ya Hicazda bir ac insanın olması ilə bərabər ləziz yeməklərin yeyilməsini düz saymırdı” deyən Hacı Şahin, insanların düşünməyinin böyük savab olduğuna işarə edib.
"Məşhədi Dadaş" məscidinin Cümə namazının xətibliyini icra edən Hacı Şahin Həsənli ikinci mövzusunu isə hicab məsələsinə həsr edib.
Rəsmi olaraq hicab qadağası haqqında qərarın olmamasını önə çəkən İmam Cümə deyib: “Hicab problemi məsələsi öz kəskinliyi ilə cəmiyyətimizdə gündən günə insanları narahat etməyə başlayır. Bəzi məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmaması qeyri-qanunidir. Valideynlər məktəblərdə qadağanı icra edənlərdən qərarın yazılı formasını tələb etsinlər. Əgər verməsələr, insanlar öz haqlarını tələb etməlidirlər. Onlar bu qadağaya itaət etməsinlər. Çünki bu qərar Konstitusiyaya ziddir”.
Hacı Şahin məsələnin çox ciddi olmasını diqqətə çəkərək sözlərini belə davam edib: “Bu cür şeyləri ortaya atanlar dövlət və din problemi yaradılmasının fərqində olmalıdırlar. Dövlət və dindarlar arasında uçurum yaratmaq qətiyyən yolverilməzdir. Dindar özünü bu dövlətin bərabər hüquqlu vətəndaşı saymalıdır. Əgər dindarlar ögey münasibət görərsə, bundan kənar qüvvələr istifadə edərlər”.
Qadağanı tətbiq edən məmurlara üzünü tutan İmam Cümə deyib: “Bir daha qadağanı tətbiq edən məmurlara deyirəm ki, ağıllarını başlarına yığsınlar. Bu olduqca həssas məsələdir. Hicab Allahın hökmüdür, Quranın buyurduğu vacibatdır, inancdır. İnanca əl uzatmaq cinayətdir”.
Birinci xütbəsinin sonunda Hacı Şahin Həsənli, QMİ sədrinin hicabla bağlı açıqlamasını təqdirə layiq hesab edib.