Ölkədə hicabla bağlı problemlərin yaranması və Misir Mərdanovun məlum qərarı ölkədə narahatçılıq yaradıb
Azərbaycan servisi/Aran agentliyi
Ölkədə hicabla bağlı problemlərin yaranması və Misir Mərdanovun məlum qərarı ölkədə narahatçılıq yaradıb.
Hicablı məktəblilər əksər məktəblərdə dərslərə buraxılmır. Problemin müvəqqəti həll edilən məktəblərdə isə hicablılar konkret dərslərdən məhrum edilirlər.
Bu mövzu ilə bağlı İslam-Azeri.az internet qəzeti ölkənin tanınmış ruhanisi, Lənkəran sakini Seyyid Elman Ağayevdən münasibət öyrənib.
Seyyid Elman bu qadağanı tənqid edərək deyib: “Əvvəl onu deyim ki, bir neçə telekanallarda Misir Mərdanova hicabla bağlı sual verildi və onun cavabı bizə hər şeyi, yəni hicab qadağasının şifahi qərarını aydın etdi. İkinci məsələ odur ki, Bakıda bu qərar icra edilir. Lənkəranda da belə məsələlər baş verir. Burada bu məsələni yavaş-yavaş ortaya atırlar. Üçüncü məsələ isə odur ki, müəllimələr, müdirlər və direktorlar çox can-fəşanlıqla bu qərarı icra etmək istəyirlər. Onlar niyə Misir müəllimin şifahi “pul yığılmasın və rüşvət alınmasın” qadağasına əməl etmirlər?”.
Lənkəran ruhanisi hicab qadağasının qanunda olmadığını deyərək sözlərini belə davam edib: “Hicabla bağlı biz haqqımızı tələb etməliyik. Hicab bizim namus məsələmizdir. Namus məsələsində susmaq günahdır. Hamı qalxmalı, buna etiraz etməlidirlər. Biz burada “Fatimeyi Zəhra” məscidinin dağıdılması qərarına etiraz edildiyi kimi, bu məsələyə də etirazları görürük. Hətta qeyri-dindarlar da bu qadağa ilə razı deyillər. Bu məsələdə ancaq və ancaq müqavimət lazımdır!”