Azərbaycan servisi/Aran agentliyi
Təhsil naziri Misir Mərdanov və Bakı Təhsil İdarəsinin rəsmisi Zəminə Əliqızının hicabla bağlı açıqlamalarından sonra vüsət tapan hicab qadağası demək olar ki, ölkənin bütün məktəblərində boy göstərməyə başladı.
Heç bir rəsmi qərar olmadan, sadəcə şifahi sözlə işləyən məktəb direktorları himə bənd imişlər kimi hicablı xanımları dərsə buraxmamağa başladılar. Əhalisinin 90 faizi müsəlman olan bir ölkədə belə bir addımın atılması isə təbii ki, haqlı narazılıqların artmasına səbəb oldu.
Əldə etdiyimiz məlumata görə, artıq hakimiyyət dairələrində hicab probleminin müsbət yöndə həll edilməsi üçün hərəkətə keçiblər. Hətta bu yöndə dindarlara mesaj da göndərərək, yaxın bir neçə günə təhsil ocaqlarındakı hicab probleminə son veriləcəyi də qeyd olunur.
Qeyd etmək yerinə düşərdi ki, artıq hicab problemi ilə bağlı dünən Təhsil Nazirliyinin binası qarşısında ilk etiraz aksiyası keçirilib. Etirazçılarla görüşən nazirlik nümayəndəsi bu məsələlərlə Bakı Təhsil İdarəsinin məşğul olduğunu əsas gətirərək, onların problemə aidiyyatlarının olmadığını bildirib.
Göründüyü kimi, artıq Nazirlik problemlə BTİ-nin məşğul olduğunu əsas gətirərək, işi onların üstünə atır. Bu isə o deməkdir ki, yaxın günlərdən Təhsil Nazirliyi müvafiq qərar verərək, “Təhsil Qanunu”nda belə bir qadağanın olmadığını və Azərbaycan Respublikası Konstitusiyasının “hər kəsə təhsil almaq hüququ” tanıdığını əsas gətirərək, problemi birdəfəlik həll edən göstəriş verəcək.