Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasında “Sərnişin stansiya qurğuları və avtomobilləri” Dövlət Standartı qəbul edilib. Nəqliyyat Nazirliyi tərəfindən hazırlanan və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş bu standart ölkənin həm taksi, həm də avtobusla sərnişindaşıma bazarında köklü dəyişikliklərə səbəb olacaq.
Komitədən verilən məlumata görə, bu standart taksi və avtobuslara, yük avtomobillərinə, sərnişin stansiyası qurğularına – yəni avtovağzallara, avtostansiyalara, avtobus və taksi dayanacaqlarına aid olacaq. Adı çəkilən standart bu vasitələrdə fərqləndirici nişanların, göstəricilərin və digər informasiya tərtibatlarına aid əsas tələbləri müəyyənləşdirir.
Belə ki, standartda nəzərdə tutulan ən maraqlı tələblər taksi avtomobillərinə aiddir. Yeni standarta əsasən, bundan sonra taksi kimi işləmək istəyən bütün avtomobillər yenidən rənglənməlidir. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, respublikanın hər şəhər və rayonundakı taksilərin xüsusi rəngi olacaq. Məsələn, Bakıda taksilər bənövşəyi rəngdə, Sumqayıtda ağ, Gəncədə boz olmalıdır. Digər şəhər və rayonlarda isə taksi avtomobilləri bej rəngli olacaq. Şəhərlərarası daşımalarda istifadə olunan taksilər isə albalı rəngdə olmalıdır.
Taksilərin xarici tərtibatında da bəzi dəyişikliklər olacaq. Əvvəla maşının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlardan ibarət kompozisiyalı fərqləndirici nişan çəkilməlidir (şahmat qara-sarı və qara-ağ olmalıdır). Bu nişan avtomobilin qarşısından - kapotun ortasından üfiqi istiqamətdə uzanaraq avtomobilin damını keçməklə yük yerinin qapağının sonunda bitməlidir.
Taksilərin qapılarında fəaliyyət göstərdiyi şəhərin gerbi və ya adı, şəhərlərarası taksilərdə isə qabaq qapılarında fərqləndirici nişan və “şəhərlərarası” sözü yazılmalıdır.
Digər maraqlı yenilik taksi avtomobillərinin daxili tərtibatı ilə bağlı olacaq. Belə ki, taksilərin daxilində sərnişin üçün ön oturacağın cihaz panelində daşıyıcının adı və telefon nömrəsi, sürücü haqqında məlumatlar əks olunmalıdır. Ən maraqlı yenilik taksilərin GPS sistemi ilə təmin olunması ilə bağlıdır – standarta görə, taksi avtomobillərində taksometr, GPS-GSM monitorinq mərkəzinin GPS aparatı quraşdırılmalıdır.
Sərnişin daşımaları ilə məşğul olan şəxslərin bu standartda tələb olunan işləri görmək üçün cəmi 13 gün vaxtı var. Yeni standartlar dekabrın 20-dən tətbiq olunacaq.
“Aran” İA