Tarix : 2010 Dec 08
Kod 19984

Qərbdə hicab azaddır, amma müsəlman Azərbaycanda...

Hicab geyən heç bir məktəbliyə qarşı qanunsuzluğa yol verilə bilməz. Onlar hicablı formada təhsilini davam etdirirlər
Azərbaycan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, islamyönümlü “Deyerler.org” saytı dünyanın məşhur təhsil müəssisələrinə sorğu göndərərək onlarda hicab probleminin olub-olmadığını araşdırıb. Saytın sorğularını ABŞ-ın “Massachusetts Amherst” Universiteti, Britaniyanın “Thomas Deacon Academy”, “Oxford”, “King Edwards School”, “Wimbledon” kimi məşhur təhsil müəssisəsələrinin nümayəndələri cavablandırıblar. Cavablar əsasən bu istiqamətdə olub: “Şagirdlərimizin arasında çoxlu müsəlman var. Hicab geyən heç bir məktəbliyə qarşı qanunsuzluğa yol verilə bilməz. Onlar hicablı formada təhsilini davam etdirirlər. Müsəlman xanımlar hicab geyməkdə azaddırlar. Hicab geymək onların seçimidirsə, biz buna hörmət edirik”.

Arayışlardan məlum olub ki, xristian dininin hakim olduğu Qərb dövlətlərinin təhsil müəssisələrində hicabla bağlı heç bir problem yoxdur. Orada kim istəyir, baş örtüyü taxib, dərslərdə və bütün proqramlarda sərbəst iştirak edə bilər. Amma müsəlman dövləti olan Azərbaycanda müxtəlif bəhanələrlə hicaba qadağalar qoyulur və nəticədə hicablı qızların təhsil almalarının qarşısı alınır.

Son günlərin ən yaddaqalan hadisələrindən biri də, Rusiya prezidenti Dimitri Medvedevin hicablı xanımla şəkil çəkdirməsi olub. Moskvadakı orta məktəblərin birinə baş çəkən prezident aralarında hicablı bir şagirdin olduğu sinfə girib. Medvedev hörmət əlaməti olaraq başörtülü şagirdlə yanaşı durub və onunla şəkil çəkdirib. Bu hadisə Azərbaycan Respublikasının aparıcı KİV-lərinin nəzərindən yayınmayıb.

“Azadlıq” qəzetinin yazdığına görə, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu hesab edir ki, Qərb təhsil müəssisələrindən hicabla bağlı sorğulara gələn cavablar olduqca ciddi göstəricidir: “İstər Rusiyada, istər Avropada, istərsə də Amerikada təhsil hüququ ilə vicdan azadlığı qarşı-qarşıya qoyulmur. Bunu etmək heç bir müəssisə rəhbərinin ağlına gəlmir. Əksinə vahid məktəbli geyiminin olduğu məktəblərdə də hicablılara lazımi şərait yaradılır, onların vicdan azadlığına sayqı duyulur. Bir çox Avropa məktəblərinə sorğular göndərmişik. Cavablar əsasən bu istiqamətdə olur ki, ”bizim belə qadağaları qoymaq heç ağlımıza da gəlmir". Deyirlər ki, bu insanların hüquq və azadlıqlarından biridir, onu məhdudlaşdıra bilmərik. Əfsuslar olsun ki, hazırda Bakının 20-yə yaxın məktəbində belə bir problem yaranıb. Amma o məktəblərdə ki, valideynlər və şagirdlər hüquqlarını bilirlər, problem müsbət həll olunur. Hər halda bu istiqamətdə fəaliyyətimizi davam etdirir, problemin tam şəkildə aradan qalxması üçün səylərimizi əsirgəmirik".

Medvedevin məlum jestinə gəlincə, İbrahimoğlu Rusiya prezidentinin hicaba münasibətdə nümunəvi davranış sərgilədiyini deyir. Qurum sədri onu da qeyd edir ki, hicaba nə beynəlxalq sənədlərlə, nə də Azərbaycan Konstitusiyası ilə qadağa qoyulub.

 

“Aran” İA

 

 

  • Yazılıb
  • da (də) 2010 Dec 08