Azərbaycanda son zamanlar təhsil müəssisələrində hicaba qarşı başladılan təzyiqlərə artıq ölkə xaricində də etirazlar səslənir
Azərbaycan servisi/Aran agentliyi
Azərbaycanda son zamanlar təhsil müəssisələrində hicaba qarşı başladılan təzyiqlərə artıq ölkə xaricində də etirazlar səslənir.
Kanadada fəaliyyət göstərən Müasir Təfəkkür İnstitutu və Şimali York İslami Cəmiyyəti Azərbaycanın Kanadadakı səfirliyinə etiraz məktubu göndəriblər.
Bu barədə İslam-Azeri.az İnternet qəzetinə İnstitutun rəhbəri Zəfər Banqas xəbər verib.
Məktubda 2011-ci ilin yanvarından etibarən Azərbaycanın təhsil müəssisələrinə müsəlman xanımların hicabla buraxılmamasına dair planlar qətiyyətlə pislənilir.
Bildirilir ki, məktəblərdə ümumi geyim formasının tətbiqi anlaşılandır. Amma bununla yanaşı insanların hüquqları pozulmamalıdır. Hicab isə hər bir müsəlman qadınına Allahın buyurduğu vacibatdır. Xanımları hicabdan məhrum etməyə heç kimin səlahiyyəti yoxdur.
Məktubda qeyd edilir ki, Kanada müsəlman ölkəsi sayılmasa belə, burda hicablı xanımların təhsil müəssisələrinə gəlmələrinə heç bir əngəl törədilmir. Daha sonra Müasir Təfəkkür İnstitutu və Şimali York İslami Cəmiyyəti Azərbaycan hökumətini müsəlman xanımların hüquqlarını pozmamağa və onlara hörmətlə yanaşmağa çağırır.