“ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirak etməkdən kənarda qalmaq niyyətində deyil və bu məsələ ilə bağlı Rusiya ilə sıx əlaqə saxlamağı planlaşdırır
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, ABŞ Qarabağda müharibədən ehtiyatlandığını izhar edib.
CNN-nin verdiyi məlumata görə, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordon münaqişəylə bağlı bunları söyləyib: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirak etməkdən kənarda qalmaq niyyətində deyil və bu məsələ ilə bağlı Rusiya ilə sıx əlaqə saxlamağı planlaşdırır.”
Filipp Qordon deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktiv rol oynayır: “Biz Rusiyanın aktivliyini alqışlayırıq və Moskva ilə bu məsələdə sıx əməkdaşlıq etməyə hazırıq”.
O, ABŞ-ın münaqişənin həlli prosesində yetərincə iştirak etmədiyi barədə fikirlərlə də razılaşmayıb: “Biz münaqişənin tərəfləri və ATƏT-in Minsk qrupunun sədrləri ilə sıx əlaqə saxlayırıq. ABŞ da Rusiya və Fransa kimi münaqişənin tənzimlənməsi istiqamətində nəticə əldə olunmasında maraqlıdır. Dövlət katibi Hillari Klinton bu ilin iyulunda Azərbaycan və Ermənistana səfər edib, situasiyanı izləyir, daim bu məsələ ilə bağlı məlumatlandırılır”.
Filipp Qordon ABŞ-ın təmas xəttində atəşkəsin pozulması hallarından da narahat olduqlarını dilə gətirib: “Biz ziddiyyətlərin əvvəlki kimi qalmasına görə təhlükənin artmasından, son dövrlər regionda baş verənlərdən narahatıq. Bu, təhlükəli vəziyyətdir və nəticə əldə olunması istiqamətində səylərimizin gücləndirilməsini zəruri edir”.
“Aran” İA