Tarix : 2010 Dec 08
Kod 19998

“WikiLeaks” Azərbaycanın hərbi sirlərini yaydı

“WikiLeaks” Azərbaycanla bağlı yeni məlumatlar yayıb. Məlumatlarda ABŞ diplomatlarının yazışmalarına istinadla Azərbaycanın İsraildən aldığı silah-sursatlardan söhbət gedir
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, “WikiLeaks” Azərbaycanla bağlı yeni məlumatlar yayıb. Məlumatlarda ABŞ diplomatlarının yazışmalarına istinadla Azərbaycanın İsraildən aldığı silah-sursatlardan söhbət gedir.

Məlumatlarda Azərbaycan ərazilərini işğal etmiş Ermənistanın alıb-satdığı silahlar barədə də qeydlər var.

“WikiLeaks”in açıqladığı məxfi teleqramlarında bildirilir ki, 2008-ci ilin sentyabrında Azərbaycanla İsrailin Müdafiə Nazirliyi arasında 3 İsrail şirkətinin minaatan, döyüş sursatları, reaktiv artilleriya və rabitə avadanlıqları tədarük etməsinə imkan verən böyük saziş imzalanıb. Açıqlamada qeyd olunur ki, “Soltam” şirkəti minaatan və döyüş sursatları, “Tadiran Communications” şirkəti rabitə qurğuları, “Israeli Military Industries” raket tədarükünə dair müqavilə alıb.

"Azərbaycanlıların nə aldığı dəqiq məlum deyil, bir şey aydındır ki, sövdələşmənin dəyəri yüz milyon dollarlarla ölçülür. Azərbaycan artıq “Israeli Military Industries”dən ağır 63502 seriyalı “Kamaz”larda quraşdırılmış 122 millimetrlik “Lynx” yaylım atəşi sistemi alıb”, - deyə teleqramlardan birində bildirilir. Digər sənəddə Azərbaycanın İsrail şirkətləri ilə pilotsuz təyyarələrin istehsalı üzrə birgə müəssisə yaratdığı və müəssisədə səhmlərin 51 faizinin Azərbaycana məxsus olduğu bildirilir.

Ermənistanla bağlı məqamlara gəlincə, bildirilir ki, keçmiş dövlət katibi Kondoliza Rays bu ölkədə akkreditə olunmuş diplomatlara Bolqarıstandan silah gətirilməsi ilə bağlı etirazlarını bildirməyi tapşırıb. Çünki gətirilən silahlar sonradan İrana satılıb və daha sonra İraqda ABŞ Silahlı Qüvvələrinə qarşı istifadə olunub.

Saytın açıqlamasına görə, bundan əvvəl ABŞ dövlət katibinin müavini Con Neqropontenin Ermənistan prezidenti Serj Sarkisyana ünvanladığı məktubda da analoji məsələlər səsləndirilib. Məlumatlara görə, ABŞ-ın məsul şəxsləri Ermənistanın müdafiə nazirini İrana bolqar istehsalı olan avtomatik tapançalar və 100 ədəd tank əleyhinə RPG-22 raketlərinin tədarükünə şəxsən köməklik etdiyinə görə danlayıblar. Bu silahların təqribən 10 faizi 2008-ci ildə İraqda Amerika hərbçilərinə qarşı mübarizə aparan döyüşçülərdən götürülüb.

“WikiLeaks”in bu məlumatları “The Guardian”da yayılıb.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Dec 08