Azərbaycan Respublikası 2011-ci ildən Türkiyə ilə bir neçə adda hərbi texnikanın birgə istehsalını həyata keçirəcək
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikası 2011-ci ildən Türkiyə ilə bir neçə adda hərbi texnikanın birgə istehsalını həyata keçirəcək. Bu haqda APA məlumat yayıb. Məlumatda bildirilir ki, artıq birgə istehsal layihələrinə dair tərəflər arasında razılaşma əldə olunub. Zirehli texnikaların müştərək istehsalına dair Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin “Otokar” şirkəti arasında oktyabr ayının sonlarında niyyət protokolu imzalanıb. Razılaşma çərçivəsində hərbi texnikalar lisenziya əsasında və zəruri hissələri Türkiyədən idxal olunmaqla istehsal ediləcək.
Dekabrın sonlarında isə Azərbaycan və Türkiyə heyətləri arasında Bakıda müdafiə sənayesi sahəsində bəzi perspektiv layihələrin müzakirəsi gözlənilir.
Qeyd edək ki, hazırda Azərbaycan Türkiyə ilə müştərək olaraq bəzi atıcı silahların və döyüş sursatlarının istehsalını həyata keçirir.
“Aran” İA